Ağız boşluğunda hissəvi olaraq emal edilmiş qida udlaqdan qida borusuna, oradan isə mədəyə daxil olur. Mədə — həzm sisteminin genişlənmiş hissəsi olub, qida borusundan keçdikdən sonra qidanın yığıldığı yerdir.
Mədə sol qabırğaaltı nahiyədə yerləşmişdir. Bu, boşluqlu orqan olub oraya daxil olan qidanın həcmindən asılı olaraq öz ölçülərini xeyli dərəcədə artıra bilir. Ona görə də mədənin ölçüsü və forması hər bir şəxsdə fərdi şəkildə olur.
Mədənin əsas vəzifəsi
mədə şirəsinin köməkliyi ilə qidanı həzm etməkdir. Mədə şirəsinin əsas komponentləri – xlorid turşusu, selik və fermentlərdən ibarətdir. Xlorid turşusu qidanı “həll” edir. O, həmçinin bakteriosid xüsusiyyətə malik olub qida kütləsi ilə daxil olan zərərli mikrobların bir çoxunu məhv edir. Mədədəki selik — mədənin daxili selikli qişasını xlorid turşusunun və mədə fermentlərinin təsirindən qoruyaraq onun özünün də qida ilə birlikdə həzm edilməsinə imkan vermir. Mədə fermentləri mədə şirəsinin həzmedici aktivliyini təmin edir.
Mədədə əsasən zülallar emal olunur. Yağların emalı isə onikibarmaq bağırsaqda baş verir. Yağların həzm edilməsinə qara ciyərdə hazırlanan və istifadə edilən vaxta qədər öd kisəsində ehtiyat şəklində saxlanan öd kömək edir.
Divarındakı əzələ qatının hesabına mədənin yığılmaq və dartılmaq xüsusiyyəti də vardır ki, bunun da nəticəsində mədədə olan qida əzilərək, mədə şirəsi ilə qarışdırılaraq maye — horra halına gətirilir. Daha sonra isə hissəvi olaraq emal edilən qida kütləsi həzmin davam etdirilməsi üçün mədənin yığılması nəticəsində onikibarmaq bağırsağa ötürülür.