Özünüzü Avropanın ən bahalı otelində təsəvvür edirsiniz? Səhər-səhər burnu qıcıqlandıran qəhvə ətri və daha bir ağlı başdan alan qoxu - vanil və turşməzə, yanmış kişmişin karamel rayihəsi…
Yaxşıdır? Onda hazırlayaq. Qəhvə sevmirsinizsə, çayla da içə bilərsiniz. Qoy fransız kulinarlar da dirsəklərini dişləsinlər.
Tərkibi:
hazır mayalı qat-qat xəmir
200 q kişmiş
200 q damla şokolad
"Kuantro" likörü və ya konyak
Krem üçün:
0,5 l süd
100 q şəkər tozu
0,5 ç.q. vanilli şəkər
1,5 x.q. un
2 yumurta
Şərbət üçün:
0,5 st su
0,5 st. şəkər tozu
Hazırlanması:
Xəmirin donunu soyuducunun aşağı gözünə qoymaqla açın.
Kişmişi bir gecə öncədən konyakda və ya "Kuantro" liköründə isladın.
Krem: südə vanilli şəkər əlavə edib ocağın üstünə qoyun. O qızanadək 2 yumurtanı şəkər tozu və unla çalın, süd qaynamağa başlayanda südün 1/3-ni götürüb yumurta qarışığına nazik axınla əlavə edin (qarışdıra-qarışdıra), sonra bu qarışığı qaynayan südə əlavə edin, daim qarışdıraraq daha 5-7 dəqiqə bişirin. Soyudun.
Xəmiri yayın. Soyumuş kremi üzərinə çəkin. İki yerə bölün. Birinin üzərinə isladılmış kişmiş, digərinə isə damla şokolad səpin. Rulet kimi bükün. İti bıçaqla 2 sm qalınlıqlı dilimlərə doğrayın. Dilimlərin kənarı açılacaq, buna görə onların ucunu su ilə isladıb "gövdəyə" yapışdırın.
Perqament döşənmiş siniyə düzün, üstündən azacıq basıb yastılayın. Üzərinə yumurta sarısı çəkin. 20 dəqiqə şişməsi üçün saxlayın.
180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə bişirin.
Bu müddətdə şərbət hazırlayın: yarım stəkan suda yarım stəkan şəkər tozunu əridib qaynadın.
Bulkaları sobadan çıxarandan sonra üzərinə bu şərbətdən çəkin ki, parıldasınlar.