Nazir: “Dərmanlar əhəmiyyətli dərəcədə ucuzlaşıb”

Son güncelleme: 31.07.2015 11:17
  • Sosial xəbərlər

    "20 faiz dərman vasitəsinin qiyməti 3 dəfədən çox, 40 faizdən artıq dərman vasitəsinin qiyməti isə 2 dəfədən çox düşüb”

    “Cənab prezidentin tapşırığına uyğun olaraq, Tarif (qiymət) Şurasının dərmanların qiyməti ilə bağlı qəbul etdiyi qərarla qiyməti tənzimlənmiş dərman vasitələrinin qiymətləri əhəmiyyətli dərəcədə aşağı düşüb.

    Belə ki, 20 faiz dərman vasitəsinin qiyməti 3 dəfədən çox, 40 faizdən artıq dərman vasitəsinin qiyməti isə 2 dəfədən çox enib”. APA-nın xəbərinə görə, bunu iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev “Azərbaycan” qəzetinə müsahibəsinə deyib.

    Nazir bildirib ki, ümumilikdə hazırkı qiymətlərə nisbətən qiymətləri tənzimlənən dərman vasitələrinin 90 faizinin qiymətləri enib, qalan hissəsinin qiyməti isə dəyişməyib.

    Ş. Mustafayevin sözlərinə görə, qiymətlərin tənzimlənməsi ilə şəffaflıq təmin ediləcək: “Hər bir vətəndaş biləcək ki, hansı dərmanı alır və hansı qiymətə alır. Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi vətəndaşa dərman vasitəsini bütün apteklərdən eyni və optimal qiymətə almağa imkan yaradır və süni qiymət artımı məsələsi aradan qalxır. Pərakəndə satış qiyməti dərman vasitəsinin üzərində göstərilməklə yanaşı, müvafiq rəsmi internet resurslarında və KİV-də də yerləşdiriləcək ki, bu da qiymət intizamına ictimai nəzarəti təmin edəcək”.

    Nazir qeyd edib ki, aparılan islahatlar dərman vasitələrinə ehtiyacı olan vətəndaşların xərclərinin azalmasına, dərman vasitələri bazarına dövlət nəzarətinin güclənməsinə və vergidən yayınma hallarının qarşısının alınmasına əlavə imkanlar yaradacaq: “Digər tərəfdən, dövlət büdcəsinin xərcləri azalacaq, sığorta şirkətlərinin müvafiq xərclərinə qənaət etməyə imkan yaratmaqla sığorta sisteminin inkişafına töhfə verəcək. Nəhayət, idxalçıları dərman vasitələrinin daha məqbul qiymətlərlə idxalına sövq edəcək, apteklər üzrə isə rəqabət qiymət müstəvisindən keyfiyyət müstəvisinə keçəcəkdir ki, bu da nəticədə xidmətin keyfiyyətinin yüksəlməsinə səbəb olacaq”.

    alıntı
#31.07.2015 11:17 0 0 0