Qocalığın bayrağı - Saqif Zeynal

Son güncelleme: 13.08.2015 08:20
  • Saqif Zeynal şeirləri - Qocalığın bayrağı şeirin oxu

    noimage

    Qocalıq duman kimi çökən evlər bir az qəribə,
    Bir az da qocaman görsənir...

    Bizim də qapını qocalıq
    Nənəmin çəliyiylə döydü,
    Siqaretinin tüstüsüylə çökdü
    Dünyaya bir "göz"lə baxan komamıza...

    Biz onda hələ uşaq idik.
    Onda bizim üçün qocalıqla əylənmək:
    Çəliklə özümüzə qıça düzəldib
    Nənəmi yamsılamaq,
    Oturanda qucağına tökülən döşləriylə məzələnmək,
    Başına dolanmağımızı istəmirdi deyə
    Dayanmadan başına dolanmağımız vardı...
    Özümüz də bilmədən qocalığın başına fırlanırmışıq illər öncə...
    noimage
    Həyat -
    Gülüşü, ağlamağı üzündə qırışan
    Nənəmin sifətiylə göstərirmiş bizə öz amansız üzünü...
    noimage
    Səsinin xırıltısına gülüb,
    Titrəyən başına baxıb
    Uğunub özümüzdən gedərdik...

    Nənəmin titrəyən başı
    Evimizdə hökm sürən qocalığın dalğalanan bayrağı,
    Xırıldayan səsi qocalığın himniymiş demə...
    noimage
    Saqif Zeynal
#13.08.2015 08:20 0 0 0