Qürbət sıxıntısı - Kənan Hacı

Son güncelleme: 13.08.2015 08:44
  • Kənan Hacı şeirləri - Qürbət sıxıntısı şeirin oxu
    noimage

    Ayrılıq qürbətdi, Sevgi vətəndi,
    Qürbətdə vətəni qoruyuram mən.
    Ruhumu saxlaya bilmədim sənə,
    quruca bədəni qoruyuram mən.

    Dedim iki canı bir eləyək biz,
    bir ömrün kirayə haqqını verək.
    Bir qırıq sevincin əlindən tutub,
    biz öz dərdimizi qoşa böyüdək.

    Sən özün istədin bu ayrılığı,
    taleyin xəbəri olmadı bizdən.
    Biz artıq həyatdan doyduq, çəkildik,
    Sevginin özüsə doymadı bizdən.

    İndi bu ayrılıq lənət kimidi,
    onu gəzdirirəm üstümdə hər gün.
    Mən sənin qəlbindən ümid götürdüm,
    faizi yığılır üstünə hər gün.

    Mənə bu qürbəti sən bağışladın,
    bu qərib qürbətin vətəni sənsən.
    Ruhumu çarmıxa çəkdin, nə olar,
    quru bədənimi xilas elə sən!..

    noimage

    Kölgəmi qoruyan divarlara,
    keşiyimi çəkən qapılara,
    ayağıma yad gələn yollara deyin ki,
    insan sudur, axıb gedir,
    divarları yıxıb gedir,
    suyun qapısı olmur,
    yolları yuyub gedir,
    gedir, hopur torpağa...
    suyun kölgəsi olmur,
    suyun ləkəsi olur,
    insanın itən yeridir su...

    noimage

    Kənan Hacı
#13.08.2015 08:44 0 0 0