Şəhriyar Allahyaroğlu şeirləri - Eyibdir axı şeirin oxu
Aşiq olduğumu hiss etməliydin,
Əlim əllərinə dəyibdir axı.
Sevirəm sözünü söyləməsəmdə
Gözüm gözlərinə deyibdir axı.
Dərdindən dəliyəm,dəliyəm bil ki,
Xəyalımın özü,arzumun ilki.
Etiraf etməyə qorxduğum sevgi
Mənim ürəyimi yeyibdir axı.
Səni görməyən gün gözlərim yatmır,
Başımın dediyi könlümə batmır.
Səsim sənə çatır,əllərim çatmır
Bu həsrət qəddimi əyibdir axı.
Nə qədər od tutub yanım,alışım
Bu sevgi baş tutmaz gərək barışım,
Mən necə qəlbimi açım-danışım?
Yaşımdan,başımdan eyibdir axı.
Qohumdan,qonşudan eyibdir axı.