Bir sıra reklamlardan biz belə bir məlumat eşidirik: "İnsan immunitetinin böyük bir hissəsi bağırsaqlarda yerləşmişdir". Həqiqətən bu belədirmi və bu sözlərin mənası nədən ibarətdir?
Məlumat üçün bildirmək istəyirik ki, insanın bağırsaqları özünün əsas həzmedici funksiyasından savayı, onun immunitetinin saxlanmasında da böyük rol oynayır. Burun-udlağın, bronxların selikli qişası kimi, bağırsaqların selikli qişası da çox vacib olan maneə funksiyasını da daşıyır. Nazik bağırsaqlarda yerləşmiş limfoid toxumalarının düyün şəklində olan yığınları – Peyer yığınları A və E immunoqlobulinlərin sintezində ən aktiv şəkildə iştirak edirlər.
Bağırsaqların normal mikroflorası, yəni bağırsaqlarda məskunlaşmış mikroorqanizmlər insanın sağlamlığının qorunmasında çox böyük rol oynayırlar.
İnsanın bağırsağında xeyli sayda həm “yaxşı”, həm də “pis” mikroorqanizmlər yaşayırlar. Yaxşı” mikroorqanizmlər (əsasən: lakto- və bifidobakteriyalar, bağırsaq çöpləri) orqanizmin normal fəaliyyəti üçün cox vacibdir. “Pis” mikroorqanizmlər isə (stafilokokklar, streptokokklar, enterokokklar, Kandida göbələkləri, protey və s.) bunun əksinə olaraq, orqanizmə zərər vura bilərlər. Ancaq “yaxşı” mikroorqanizmlərin sayı xeyli üstün olduqda, onlar “pis” mikroorqanizmlərin sayının artmasının qarşısını alaraq oz vəzifələrini müvəffəqiyyətlə yerinə yetirirlər. Bu tarazlıq “pis” mikroorqanizmlərin xeyrinə dəyişdiyi halda isə insan orqanizmi xeyli dərəcədə əziyyət cəkməyə başlayır.
İnsan orqanizmi üçün xeyirli olan mikrofloranın sayca ən çox və əvəzedilməz hissəsi – bifidobakteriyalar və laktobakteriyalardır. Süd turşusu və sirkə turşusu istehsalçıları olan bu bakteriyalar bağırsaq boşluğunda patoloji mikroorqanizmlərin çoxalmasının qarşısını alır.
Bağırsaqda olan xeyirli mikroflora qəbizlik və ishalın qarşısını alaraq onun peristaltikasını (hərəkətliliyini) stimulaşdırır, orqanizmi allergiyadan qoruyur, bizim orqanizmimizin sağlamlığı üçün çox vacib olan maddələr – süd turşusu, sirkə turşusu və digər turşular, amin turşuları və zülallar, B1, B2, B6, B12, K vitaminləri, nikotin, pantoten və fol turşuları hazırlayır. Bizim orqanizmimiz üçün vacib olan dəmir, kalsium və digər vacib mikroelementlər də qana məhz bağırsaqdan sorulur.
Qeyd edək ki, bağırsaqların xeyirli mikroflorasının ən vacib xüsusiyyəti - onun bağırsaqda olan xərçəng hüceyrələrinin inkişafının qarşısını almaq, həmçinin, orqanizmə ətraf mühitdən daxil olaraq immunitetin zəifləməsinə səbəb olan toksik maddələri zərərsizləşdirməkdən ibarətdir.
Bundan başqa, bağırsaqların xeyirli mikroflorası həmçinin immun sisteminin çox vacib hissələri olan immunoqlobulinlərin sintezində iştirak edir, B, T-limfositlərin və makrofaqların yaranmasını da aktivləşdirir.
Yuxarıda qeyd etdiyimiz insan orqanizminin sağlamlığı üçün çox vacib olan bütün bu proseslər yalnız o halda normal şəkildə gedə bilər ki, bağırsaq mikroflorası pozulmamış olsun. Yəni orada olan xeyirli mikroflora zərərli mikrofloradan xeyli artıq olmalıdır. Əgər bu tarazlıq pozularsa, yuxarıda qeyd edilən proseslər də pozulmuş olur. Mikrofloranın normal tarazlığının pozulması disbakterioz adlanır.
Beləliklə, bağırsaq disbakteriozu – bağırsaqda “yaxşı” mikroorqanizmlərin sayının kəskin şəkildə azalması və “pis” mikroorqanizmlərin sayının isə xeyli dərəcədə artması zamanı yaranan haldır.
Əfsuslar olsun ki, disbakterioz - bir çox xroniki xəstəliklərinin inkişafı və mövcud olan xəstəliklərin isə kəskinləşməsi üçün ən "əlverişli" şəraitdir. Disbakterioz zamanı orqanizmin müdafiə qüvvələrinin zəifləməsi, infeksion xəstəliklərə qarşı həssaslığın isə artması baş verir. Bu zaman orqan və toxumalarda histamin maddəsinin artması baş verir ki, bu da allergiyanın yaranmasına səbəb olur.
Disbakterioz zamanı orqanizm üçün vacib olan maddələrin bağırsaqdan sorulması prosesi xeyli dərəcədə pozulur. Bu zaman orqanizmdə həmin maddələrin defisiti - çatışmazlığı baş verir, hipovitaminoz inkişaf edir. Bu da öz növbəsində dərhal immunitetə də öz mənfi təsirini göstərir.
Disbakterioz zamanı bağırsaqda qida maddələrinin kifayət parçalanması və mənimsənilməsi normal şəkildə gedə bilmir. Bu zaman kifayət qədər həzm olunmayan qida kütlələri bağırsaqda cürüməyə başlayır ki, bunun da nəticəsində xeyli miqdarda toksinlər və zəhərli maddələr əmələ gəlir ki, nəticədə immun sisteminə güclü zərbə vurulur.
Bəs disbakterioz hansı şəraitdə inkişaf edə bilər?
1. Əgər bağırsaqda olan mühit xeyli dərəcədə turş və ya qələvi olarsa (xolesistit, pankreatit, hepatit, qastrit, xora xəstəliyi, bağırsaq xəstəlikləri zamanı). Buna səbəb isə, bu zaman bağırsaqda olan maddələr mübadiləsinin pozulması və xeyirli mikrobların hüceyrə membranının zədələməsi olur.
2. Müxtəlif xəstəliklər nəticəsində (mədənin, mədəaltı vəzin, qara ciyərin funksiyasının pozulması) həzm fermentləri kifayət qədər ifraz olunmur. Bu zaman həzm olunmamış qida qalıqları qıcqırmağa başlayır. Nəticədə onlar xəstəlik törədici mikroblar üçün qidalı mühitə çevrilirlərək onların inkişafına səbəb olur.
3. Bağırsaq divarındakı əzələlər, onun daxilində olan möhtəviyyatın normal hərəkətini təmin edə bilmədikdə (psixi və ya fiziki stress nəticəsində bağırsaq əzələlərinin spazmı və ya tonusunun zəifləməsi; vegetativ damar distoniyası; mədə və bağırsaq üzərində aparılan cərrahi əməliyyatlardan sonra).
4. Qida rasionunda, bağırsaqdakı “xeyirli” mikrobların inkişafını təmin etmək üçün vacib olan maddələrin olmaması. Məsələn, kəskin pəhrizlər, “quru” qidalanmalar, qida rasionunda süd məhsulların və bitki sellülozun (meyvə-tərəvəz) kifayət qədər olmaması.
5. Qida rasionunda bağırsaqdakı “xeyirli” mikrofloraya məhvedici təsir göstərən maddələrin (çox miqdarda ət, un məhsulları, kəskin, yağlı qidalar, nişasta, maya göbələkləri, konservantlar) üstünlük təşkil etməsi.
6. Bağırsaqda parazitlərin (bağırsaq qurdları) və ya xəstəliktörədici mikrobların olması. Onlar “xeyirli” mikrobları məhv edən maddələr ifraz edirlər (dizenteriya, salmonellyoz, virus xəstəlikləri, lyamblioz, helmintozlar).
7. Antibiotiklərin nəzarətsiz şəkildə qəbul edilməsi. Onlar mübarizə aparmalı olduqları “zərərli” mikroblarla yanaşı, “xeyirli” mikrobları da məhv edirlər.
8. Alkoqollu içkilərin çox miqdarda qəbul edilməsi.
Bağırsaqların mikroflorası ilə immun sistemi arasında çox güclü və qarşılıqlı əlaqə vardır. Qeyd etdiyimiz kimi, bağırsaq mikroflorasının pozulması olan disbakterioz xəstəliyi, immunitetin zəifləməsinə səbəb olur. Ancaq digər tərəfdən xroniki stresslər, tez-tez baş verən və uzun sürən xəstəliklər, radiasiya və digər səbəblər də immunitetin aşağı düşməsi ilə nəticələnir. Bu zaman bağırsaq mikroflorasının da pozulması, daha sonra isə immunitetin daha çox zəifləməsi baş verir. Yəni zərərli bir qapalı dairə yaranır. Bu halda immunitetin bərpa edilməsi, bağırsaq mikroflorasının da bərpasına kömək etmiş olur.
Beləliklə, istənilən immunodefisit vəziyyətləri müalicə edərkən bağırsaqlardakı mikroflorasının vəziyyətinə də diqqət yerirmək lazımdır. Ola bilər ki, immunodefisitin səbəbi məhz bağırsaqlardakı disbakterioz olsun.
Disbakteriozun əlamətləri:
- immunitetin zəifləməsi;
- kəskin bağırsaq infeksiyalarının (KBİ) baş verməsi;
- kəskin respirator xəstəlikləri (KRX) və kəskin respirator virus xəstəliklərinin
(KRVX) artması (tezləşməsi);
- ishal və ya qəbizlik formasında olan nəcis ifrazı pozulmaları;
- meteorizm – bağırsaqlarda qazların artıq miqdarda yaranması;
- qarında dartıcı və sıxıcı xarakterdə ağrıların olması;
- yoğun bağırsağa barmaqlarla təzyiq edərkən xeyli səsli qurultu və şırıltının
eşidilməsi;
- tez hirslənmə, məyusluq, əhvalın tez-tez dəyişməsi, depressiya, başgicəllənmə,
yuxunun pozulması, tez yorulmaq, səbəbsiz olan ağlağanlıq, əhvalın kədərli
olması;
- ağızdan və bədəndən pis qoxunun gəlməsi;
- dəri elastikliyini itirir, sallanır və dəridə xeyli dərəcədə qırışlar əmələ gəlir;
- saçların tokulməsi;
- selikli qişalarda və dəridə catların əmələ gəlməsi;
- dəridə səpkilər, sızanaqlar və civzələrin, ekzemanın əmələ gəlməsi, qaşınmanın
olması ilə müşayiət olunan xroniki qida allergiyası vəziyyəti.
Bu əlamətləri özündə hiss edən kimi, dərhal həkimə müraciət edin.
Bağırsaq disbakteriozunun profilaktikası:
- Tərkibində, bağırsaq mikroflorası üçün vacib olan süd məhsullarının, habelə meyvə
və tərəvəzlərin mütləq şəkildə daxil edilməsi şərti ilə düzgün və rasional qidalanma rejiminə əməl edilməsi.
Qatıq, asidofilin, təbii yoqurt, kefirin tərkibində südturşulu bakteriyalar daha çox vardır.
Turşuya qoyulmuş çuğundur bağırsaq mikroflorasını çox yaxşı normallaşdırır. Bunun üçün çuğunduru yuyub hazır olana qədər bişirin. Sonra qabığını soyub böyük olmayan ölçülərdə dilim-dilim doğrayıb bankaya yığın və üzərinə soyudulmuş şəkildə marinad əlavə edin. Ağzını bağlayıb sərin yerdə saxlayın. Marinad belə hazırlanır: 1 kq çuğundur üçün 1 litr su, 2 stəkan təbii alma sirkəsi, 1 çay qaşığı duz, ½ stəkan şəkər tozu, 10 ədəd qara istiot dənəsi, 6 mixək, 2 ədəd dəfnə yarpağı. Marinad qaynadılır, soyudulur və çuğundur olan bankalara tökülür. Bu üsulla hazırlanmış çuğundur gündə bir dəfə yeməkdən qabaq qəlyanaltı kimi qəbul edilir.
Disbakterioz, bağırsaq atoniyası, mədə-bağırsaq sisteminin daxilində gedən çürümə proseslərində sarımsaqsız keçinmək olmaz. Axşam yeməyindən qabaq 1-3 diş sarımsaq yeyib üstündən qatıq için. Disbakterioz zamanı kərəviz köklərindən alınmış şirə (təzə şəkildə içmək də xeyirli hesab olunur. Onu, gün ərzində 1-2 çay qaşığı olmaqla yeməkdən 30 dəqiqə əvvəl içmək tövsiyə olunur.
Qırmızı turp, qara turp, qıtığotu kökü, xardal, mixək, darçın, dəfnə yarpağı, istiot kimi bitkilərin tərkibində antibakterial (zərərli bakteriyaları məhv edən) maddələr vardır. Badrənc, yovşan, şüyüd, adaçayı kimi bitkilər çürümə verən floranın aradan götürülməsində iştirak edir, qarında olan köpməni aradan götürür.
- Mədə-bağırsaq sistemi üzvlərinin hər bir xəstəliyinin vaxtında və düzgün mualicə edilməsi.
- Stress vəziyyətlərindən uzaq olmaq.
- Antibiotikləri yalnız həkim təyinatı üzrə qəbul etmək.
- Disbakteriozun profilaktikası üçün kəskin respirator xəstəliklər, bağırsaq infeksiyaları zamanı, antibiotiklər qəbul edərkən və s. bu kimi hallarda qısa kurslarla pre- və probiotikləri qəbul etmək tələb olunur. Prebiotiklər – xeyirli mikroflora üçün qida mühitidir, yəni xeyirli mikrobların inkişafını və fəaliyyətini stimullaşdıran maddələrdir. Prebiotiklər əsasən, süd məhsulları, qarğıdalı, yarmalar, çörək, baş soğan, sarımsaq, kələm, lobya, noxud, banan və digər məhsulların tərkibində daha çox olur.
Probiotiklərin tərkibində canlı bakteriyalar olur. Onlar pozulmuş floranı bərpa edir və ya bağırsaqda olan bakteriyaların işinə köməklik göstərirlər. Probiotiklər ya müxtəlif dərman preparatları (həb, toz, kapsula və s.) və ya müalicəvi qida (bioyoqurtlar, biokefirlər) şəklində olur.