Bir ovuc torpaq

Son güncelleme: 27.09.2015 21:07
  • Yazarlar - Bir ovuc torpaq - İlqar Rəsul - İlqar Rəsul yazilari

    noimage

    Hər kəsin cənazəsinin ağırlığı onun ürəyində qalan arzular qədərdir. Məmməd Aslanın ən böyük arzusu Kəlbəcərə qayıtmaq idi. Bu arzu onun içində o qədər böyümüşdü ki, başqa arzulara yer qoymamışdı. Vəfat etdiyini eşidəndə "cənazəsi xeyli ağır olacaq..." düşündüm. İkinci ağlımdan keçənsə o oldu ki, "Azərbaycanın canlı folklorlarından biri cismən həyatdan getdi. Kaş ki, ölkədə "beyin muzeyi" olaydı və belə adamların beynini götürüb orada gələcək nəsillər üçün saxlayaydılar"...

    İlk dəfə 2008-ci ildə söhbət etdik onunla. Müsahibə götürürdüm. Hər şeydən danışdıq demək olar ki. Məlum oldu ki, Məmməd Aslan məktəbə xeyli gec gedib. Deyirdi, kiçik yaşlarında atasını itirdikdən sonra anası onları Kəlbəcərin Laçın kəndindən götürüb Bərdənin Qəhrəmanlı kəndinə köçüb. Dolanışıq ucbatından məktəbə vaxtında gedə bilməyib. Kənddə Seyid Ələsgər ağa adlı insaflı bir kişinin heyvanlarını otarırmış. Amma oxuyub-yazmağı bilirmiş. Həmyaşıdları artıq üçüncü sinifdə oxuyanda məktəbin direktoru eşidir ki, kənddə bir uşaq var, əməlli-başlı kitab oxuyur. Gəlib Balabəyli deyilən yerdə, meşədə Məmmədi tapır. Bir neçə kitabın hərəsindən bir az oxutdurur ona. Sonra gedib anasından razılığını alıb, Məmmədi məktəbə aparır. Amma Məmməd artıq böyük olduğu üçün birinci sinifdə balaca uşaqlarla birlikdə oxumaq istəmir. İkinci sinfin uşaqları da ona "əmi", "dayı" deyə zarafat edərək məktəbdən qaçaq salırlar. Vəziyyəti belə görən direktor, Məmmədi birbaşa üçüncü sinifdən məktəbə qəbul edir.

    Məmməd Aslan bu əhvalatı danışıb dedi ki, "İlqar, bax ona görə də mən orta məktəbin ilk üç sinfini oxumamışam".

    Mən də zarafatımdan qalmayıb dedim ki, "Məmməd müəllim, gör hələ siz məktəbi əvvəldən oxusaydınız nələr edərdiniz". Xoşu gəldi bu zarafatımdan. Güldü. Sonra “yox” – dedi – “nəyəmsə, buyam, artıq olası deyiləm”:

    Qırov səndə, şaxta səndə
    Tərsə dönən çarx da səndə
    Məmməd Aslan, toxta sən də
    çox uzatma, yaz bu qədər...

    Doğulduğu Kəlbəcərin dağlarından, qayalarından danışanda o qayaların dibində nələr elədiyini soruşdum Məmməd Aslandan. Üzr istəyib bir bənd şeir söylədi:

    Ala qaya, yelli gədik,
    Səndə nə dövran elədik.
    Öpmədik, dişləmədik,
    Adımızı bədnam elədik...

    Dedim, burda üzr istəməli nə var ki, Məmməd müəllim? Dedi – “yox, indi o qədər açıq- saçıq, o qədər lüt şeirlər yazırlar ki, mən ar eləyirəm hətta oradakı "öpmədik-dişləmədik" sözlərini söyləməyə”.

    “Qoy o şeirləri yazanlar sizdən üzür istəsinlər” - dedim. Gülümsünüb, “zaman utansın ki, bizi bu günlərə gətirdi” - dedi.

    Sonra bir az tənhalığından, bir az da şairlikdən danışdıq. Tənhalığını çox sevdiyini dedi. Həm də dedi ki, şairlərin bir anası da tənhalıqdı. Tənhalıq adamın şair olması üçün hər şey edir. Söhbət arası "Bakıda şeir yaza bilmirəm" - dedi. Dərhal da əlavə etdi ki, "İlqar, indi deyəcəksən, yaza bilmirsənsə qayıt geri... Hara qayıdım?”

    Ən çox qorxduğu şey Kəlbəcərin işğaldan azad olunmaması idi.

    Qəfil bir sual verdim ona:

    - Niyə yaşayırsınız, Məmməd müəllim?

    Fikirləşmədən cavab verdi:

    - Yaşayırammı? Təzə xəbərdi bu.

    - Yaşamırsınız?

    - Qətiyyən. Bir var, gəzmək, baxmaq, bir də var yaşamaq. Çağırdınız gəldim müsahibə verdim, elə bildiniz yaşayıram? Yox. Mən sadəcə Kəlbəcərin bir ovuc əmanət torpağıyam. O torpağı gəzdirirəm özümdə. Bəlkə fürsət düşsə, onu sahibənə qaytaram. Bu yaşamaq deyil. Sonra şeir dedi:

    Ağ saraylar virana
    Yüz il təslim bir ana
    Məlhəm qoymaz yarana
    Dünya, bumbuz Kəlbəcər

    Dikəl qəfil qarşımda
    Ağna, tökül başıma
    Daş vermə başdaşıma
    Qalmasın iz, Kəlbəcər

    Çilikləndi büllur saz
    Getdi ruhunda avaz
    O Kəlbəcər qayıtmaz
    Qayıtsa yüz Kəlbəcər...

    “Siz bu həyatda daha çox Məmməd ola bildiniz, ya Aslan oldunuz?” - soruşdum ondan.
    Dedi, İlqar, qoy bu sualına da şeirlə cavab verim, bununla da qurtaraq. Yordun məni. Olarmı?

    “Olar” - dedim.

    Tənha zirvələrin yar yoldaşıyam
    Quşqonmaz dağların ağır qışıyam
    Mən qaya parçası, çaxmaq daşıyam
    Mən çətin adamam asan deyiləm

    Məni üzüyola doğmayıb anam
    Hara buyursalar orda fırlanam
    Hirsini içində boğan vulkanam
    Hələ ki, Məmmədəm, Aslan deyiləm.


    P.S. Söhbətimizin lap əvvəlində ondan bir bayatı istəmişdim. O da "Ərzurum bayatısıdı" deyib, bunu söyləmişdi:

    Dünyaya yayax gəldim
    Yatmadım, oyax gəldim
    Ömür deyir, yüz il keçdi
    Ürək deyir, bayax gəldim...

    Yazar:İlqar Rəsul
#27.09.2015 21:07 0 0 0