Azərbaycanda 22 nəfərə sümük iliyi transplantasiya edilib. Bunu Aile.lent.az-a Respublika Talassemiya Mərkəzinin direktor müavini Ceyhun Məmmədov deyib. C. Məmmədov bildirib ki, sümük iliyi köçürülənlər uşaq və yeniyetmə yaşlarda xəstələrdir: “21 nəfərə allogen, 1 nəfərə isə altogen transplantasiya edilib. Yəni, 21 nəfər xəstəyə sümük iliyi transplantasiyası qohumlarından, 1 nəfər xəstəyə isə özündən köçürülüb. Hazırda Azərbaycanda sümük iliyi transplantasiyası əsasən bacı-qardaşdan, birindən digərinə köçürülür”.
Əməliyyatların uğurla həyata keçirildiyini deyən C. Məmmədovun sözlərinə görə, Respublika Talassemiya Mərkəzi hələ ki, Azərbaycanda sümük iliyinin transplantasiyasını həyata keçirən ilk və yeganə tibb müəssisəsidir: “Sümük iliyinin transplantasiyası əməliyyatı dövlət vəsaiti, Səhiyyə Nazirliyi və Heydər Əliyev Fondunun dəstəyi hesabına pulsuz həyata keçirilir. Sümük iliyinin köçürülməsi nisbətən yeni tibbi prosedurdur və əvvəllər müalicə olunmayan xəstəliklərin müalicəsində istifadə olunur. 1968-ci ildə ilk uğurlu köçürülmədən sonra, sümük iliyi transplantasiyası leykoz, aplastik anemiya və digər ağır xəstəliklərdən əziyyət çəkənlərin müalicəsi zamanı həyata keçirilir. Bu əməliyyatların Azərbaycanda gerçəkləşməsi üçün kadrlar Türkiyədə və Belarusda keçirilən xüsusi kurslarda iştirak edərək hazırlanıblar. Kadrların hazırlanması prosesı hazırda da davam etdirilir”