“Azad Azərbaycan” telekanalının aparıcısı Zaur Baxşəliyev “Öz aramızda” verilişinin bağlanmasına münasibət bildirib. aparıcı bu barədə sosial şəbəkədə yazıb. O bildirib ki, yeni layihə təqdim edəcək: “ATV telekanalı tərəfindən verilişimlə bağlı açıqlama verilib. ATV rəhbərliyi yarımçıq qalmış və həllini tapmış bəzi problemləri yekunlaşdırmaq üçün “Öz aramızda” layihəsinə 2 həftə vaxt verdi. Biz də bu 2 həftə ərzində çalışıb həllini tapan məsələləri təqdim etdik. Yaxın günlərdə iki layihəmiz – “Məni yarımdan soruş” və “Bu stil mənim” efirə gedəcək. Hər ikisi vaxt aparan layihələrdir. Biri Türkiyədə çəkilir, digəri isə ölkə daxilində. Bunları səhmana salana qədər gündəlik efirimizə ara vermişik. İnşallah, daha gözəl formatda, daha qlobal layihələrlə qarşınızda olacağıq. ATV telekanalı maddi texniki bazasını gücləndirib. Görürsünüz ki, heç bir layihəsinə start verməyib. Biz köhnəyə əl gəzdirmirik, yeni, inkişaf etmiş standartlara uyğun layihələrlə tamaşaçıların zövqünü oxşamağa çalışırıq. Bu baxımdan daha səviyyəli və baxımlı verilişlərlə gələcəyik”. Maraqlıdır ki, Z.Baxşəliyev daha sonra yazdığı statusunu silib.
Qeyd edək ki, Z.Baxşəliyev hazırda ATV-də “Məni yarımdan soruş” və “Bu stil mənim” verilişlərinin aparıcısıdır.