Qazanın dibi - Elçin Nur

Son güncelleme: 01.10.2015 12:26
  • Elçin Nur şeirləri - Qazanın dibi şeirin oxu



    Getdin həyatımı çevirdin yasa,
    Hər gün artırırdın dərdi - sərimi:
    Saçların yanımda dalğalanmırsa,
    Neynirəm şəhərin küləklərini

    Sənsiz həyat heçmiş, mən belə bildim.
    Məni o heçliyə tərk edəndə sən.
    Sən geri dönəndə bəxtimə güldüm,
    Uduzmuşdun, məni dərk edəndə, sən.

    Söndürüb getdiyin odun külündən.
    Öz "kül evciyimi" qururdum yeni.
    Yandırmaq gəlməzdi külü əlindən.
    Özünü yorurdun, yormurdun məni.

    Məndən həyat eşqin alıb getmişdin,
    Geri qaytarırdın göz yaşı kimi.
    Kiminsə əyninə olub getmişdin,
    Dönmüşdün kiminsə nimdaşı kimi.

    Bir şeyi heç zaman dərk etmədin, sən,
    Bəzən sevginin də dəyişir dəbi.
    Sonbeşik deyiləm eşq evində mən,
    Demək mənə çatmır qazanın dibi!!!!!!

    Elçin Nur
#01.10.2015 12:26 0 0 0