Sönməyən çıraq - Atif İslam oğlu İslamzadə

Son güncelleme: 08.10.2015 08:45
  • Atif İslamzadə şeirləri - Sönməyən çıraq şeirin oxu

    Müəllimlərimə
    ( ixtisarla)
    Üz-üzə gələndə müəllimlə mən,
    Basmaq istəyirəm bağrıma onu.
    O yol göstərəndi, mənsə yol gedən,
    Xeyirlə qurtarar bu yolun sonu.
    Yazıb oxumağı öyrətdi mənə,
    Təbaşir nə gözəl mənzərə açdı?!
    Sinif otağından o gözlərimə,
    Dünyanı görməyə pəncərə açdı.
    Bizə fidan ikən o içirdi tər,
    İndi o ağacın meyvəsinə bax.
    Mənə yeriməyi öyrətmişdilər,
    Görməyi müəllim öyrətdi ancaq.
    Keçdik eniş-yoxuş, gördük dağ-dərə,
    Dünənki o uşaq bu gün kim oldu?!
    Çatsaq da çox uca mərtəbələrə,
    Zəhmət müəllimin, ad bizim oldu.
    Ürəyin doludur, danış doyunca,
    O sadə müəllim bizə nə verdi.
    Alıb xərcləməyə ömür boyunca,
    Min ildə yığılan xəzinə verdi.
    Varağın üzünü qaraltdım hər gün,
    Onun qarşısında üzüm ağ oldu.
    Qaranlıq yolları göstərmək üçün,
    Mənə müəllimim bir çıraq oldu.
    Təmiz ad görmədim mən o ad kimi,
    Sığınaq o adın istiliyinə.
    Müəllim adını mükafat kimi,
    Şah da verə bilməz istədiyinə.
    O ad müqəddəsdir, sərvət-var deyil,
    Qazanan gətirə, sən də yeyəsən.
    O ad bər-bəzəkli bir paltar deyil,
    Atan, anan verə alıb geyəsən.
    Əgər alışmasan, əgər yanmasan,
    Kibrit çöpü qədər işığın olmaz.
    Müəllim adını sən qazanmasan,
    Peşkəş edən olsa qazanc sayılmaz.
    Kimin el içində olur hörməti,
    Müəllim çağırır adını hər kəs.
    Çünki müəllimin dəyər-qiyməti,
    Tərəziyə sığmaz, ölçüyə gəlməz.
    Biz ki öyrənirik ilk yaşımızdan,
    Bəs bizə müəllim onda kim olur?
    Ata da , ana da öyrədən zaman,
    Ata, ana deyil, müəllm olur.
    Müəllim olmağı bacara bilsən,
    Şaxta olanda da tutar bar səni.
    Qarşına çıxanda ona əyil sən,
    Ona əyilməyin ucaldar səni.


    Atif İslam oğlu İslamzadə
#08.10.2015 08:45 0 0 0