Bu gün Beynəlxalq Mətbuat Mərkəzində müğənni İzzət Bağırzadə “Yaradanım” adlı yeni klipini təqdim edib. Lent.az-ın məlumatına görə, ekran işində ifaçının dostu Hacı Nazim, Elçin və böyük oğlu Əli də çəkilib: “Mən 3-4 ildən bir çalışıram ki, kliplərimdə fərqli mövzulara müraciət edim. Bu dəfə də bütün müsəlman bacı və qardaşlarımızı nəzərə alaraq dini bir klip çəkdik. Burda yalnız bizi yaradan Allahdan bəhs olunur. Çəkilişlər Şamaxıda və İçəri Şəhərdə Cümə Məscidində baş tutdu. Düşündüm ki, klipdə oğlumun da olması daha səmimi görünəcək. Klipdə olduğu kimi, Əli həyatda da mənlə namaz qılır. Birdən nəsə yadına düşür, namazın yarısından gedir, sonra təzədən qayıdır. Hələ uşaqdır, tam başa düşmür. Bəstəyə gəldikdə isə mahnını Sibel Canla çalışan musiqiçilər aranjeman edib. Ümid edirəm ki, klipi tamaşaçılar da bəyənəcək”.
Qeyd edək ki, “Yaradanım” adlı bəstənin sözləri Elşən Xəzərə musiqisi Hacı Nazimə məxsusdur. Klipi rejissor Pərviz Oktayoğlu çəkib.
[video=youtube_share;zE2Xw4R_6lQ]https://youtu.be/zE2Xw4R_6lQ[/video]
Yalçın UĞUR