Sabunçuda dindarlarla polis arasında yaşanan insidentə rəsmi münasibət

Son güncelleme: 06.11.2015 11:04
  • Sosial xəbərlər

    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Sabunçu rayonunda baş verən hadisə ilə bağlı açıqlama yayıb

    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Sabunçu rayonunda baş verən hadisəyə münasibət bildirib.

    Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, DQİDK-nın sədr müavini Səyavuş Heydərov bildirib ki, rəsmi qeydiyyatdan keçməmiş Müsəlman Birliyi Hərəkatı adlanan qurumun idarə heyətinin sədr müavini kimi təqdim olunan Elçin Qasımov noyabrın 5-də Sabunçu rayon polis idarəsinin əməkdaşları tərəfindən xüliqanlıq hərəkətlərinə yol verdiyi üçün saxlanılaraq polis idarəsinə aparılıb.

    "Elçin Qasımovun saxlanılmasına etiraz bildirən bir qrup şəxs polis idarəsinin qarşısına gələrək ictimai asayişi pozmağa cəhd göstərib. Nəticədə polis əməkdaşlarına müqavimət göstərən şəxslər də xüliqanlıq hərəkətlərinə yol verdiyi üçün saxlanılıb. Onu da qeyd edim ki, Elçin Qasımov və digər şəxslər rəsmi din xadimləri və dini icma üzvləri deyillər və bu barədə onlar tərəfindən Qafqaz Müsəlmanları İdarəsinə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə heç bir müraciət olmayıb. Həmin şəxslərin dini ibadət yerlərində dini ayinlərin icrasına rəhbərliyi həyata keçirmələrinə rəsmi icazələri yoxdur. Lakin dəfələrlə onlar tərəfindən dini ayinlərin icrası adı altında ictimai asayişi pozmağa cəhdlər göstərilib. Nəticədə dindən istifadə etməklə siyasi xarakterli hərəkətlər-çağırışlar ediblər. Dəfələrlə onlara müvafiq dövlət orqanları tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq, qanunazidd hərəkətlərini davam etdiriblər. Hazırkı şəraitdə isə bu tipli adamlar özlərinin xuliqanlıq hərəkətlərini dini amillə pərdələməyə çalışırlar. Ölkəmizdə ənənəvi islami dəyərlər qorunur və hər kəsin dini ayinləri icrasına heç bir maneçilik yoxdur", - deyə açıqlamada qeyd olunur.

    alıntı
#06.11.2015 11:04 0 0 0