Dəri ve sümük xestelikleri - Revmatoid artrit - Revmatoid artrit nedir? - Xəstəliyin inkişaf etmə səbəbləri - Revmatoid artrit mualicesi - Revmatoid artrit ağır oynaq xəstəliyi haqqinda
Revmatoid artrit ən çox yayılmış və ən ağır oynaq xəstəliklərindən biridir.
Artrit müxtəlif yaşlarda inkişaf edə bilər. Lakin əsasən artrit 30 yaşından sonra inkişaf edir. Qadınlarda kişilərlə müqayisədə bu xəstəlik daha tez-tez inkişaf edir. Alimlərin məlumatlarına görə, revmatoid artrit əhalinin 1-2%-ndə qeyd olunur.
Bu xəstəliyin inkişaf etmə səbəbləri sona kimi araşdırılmayıb. Belə hesab olunur ki, xəstəliyin inkişafında irsiyyət müəyyən rol oynayır. Lakin əksər hallarda bu xəstəlik bir neçə mənfi amillərin (irsiyyət, stress, infeksiya və s.) təsiri nəticəsində inkişaf edir.
Revmatoid artrit autoimmun xəstəlikdir. Normada insanın immun sistemi hüceyrələri limfositlər orqanizmə düşən yad ziyanlı hüceyrələri (bakteriyalar, viruslar və s.) məhv etməlidir. Autoimmun xəstəliklər zamanı insanın immun sistemində pozulma yaranır ki, nəticədə immun hüceyrələri orqanizmin öz sağlam hüceyrələrinə hücum edir və onları məhv etməyə çalışır. Belə ki, revmatoid artrit zamanı limfositlər oynaq toxumasının hüceyrələrinə hücum edir.
Xəstəlik bir çox hallarda keçirilmiş qripp, tonzillit (angina), kəskin respirator infeksiyalardan sonra inkişaf edir. Bəzən travma və güclü soyuqlama da xəstəliyin inkişafına səbəb ola bilər.
Həkimlərin müşahidələrinə görə, revmatoid artrit tez-tez güclü stress, emosional sarsıntılardan sonra (yaxın insanın ölümü, boşanma və s.) inkişaf etməyə başlayır.
Xəstəliyin əvvəlində barmaq və bilək oynaqları iltihablaşır və şişir. İltihab hər iki əldə inkişaf edir. Ödemləşmiş oynaqlar güclü ağrılara səbəb olur. Ağrılar əsasən gecənin ikinci yarısında və səhərə yaxın güclənir, günortadan sonra azalır, axşama yaxın isə az hiss olunur. Xəstəliyin əvvəlində ağrılar aktiv hərəkətlərdən sonra azalır.
Eyni zamanda pəncələrin kiçik oynaqları zədələnir. Daha iri oynaqlar (çiyin, diz, dirsək, baldır-pəncə oynaqları) daha gec iltihablaşır.
Güclü ağrılardan əlavə xəstə zədələnmiş oynaqda hərəkətliliyin pozulmasını, oynağın sanki "donmasını" hiss edir. Bu hiss xəstə səhər yuxudan durandan 1-2 saat sonra keçir.
Xəstələrdə dirsəklərin yanında, bəzən əllərdə, pəncələrdə kiçik (2-3 sm) dərialtı düyünlər əmələ gəlir. Bu da xəstəliyin xarakterli simptomudur.
Sadaladığımız simptomlardan əlavə xəstədə zəiflik, iştahanın və yuxunun pozulması, hərarətin 38°C kimi qalxması, bəzən arıqlama kimi simptomlar inkişaf edir.
Artrit inkişaf etdikcə barmaqlar və əllər deformasiya olunur (əyilir), bilək oynağının hərəkətliliyi kəskin azalır, əllərin qan dövranı pozulur ki, bunun nəticəsində dəri nazik, quru olur, əzələlər fəaliyyətdən qalır.
Vaxt keçdikcə artrit yeni və yeni oynaqları və həmçinin daxili orqanları (ürək, ağ ciyər, qara ciyər, böyrəklər, damarlar, bağırsaqlar), əzələləri zədələyir.
Revmatoid artrit çox təhlükəli xəstəlikdir. Müalicəsiz buraxılmış bu xəstəlik insanı əlil edə bilər. Məhz bu səbəbdən xəstəliyin ilk simptomlarında revmatoloqa müraciət etmək lazımdır.
Xəstəliyin müalicəsi uzun müddət ərzində, bir çox hallarda xəstənin həyatının sonuna kimi aparılır. Xəstəlik tam müalicə olunmasa da, müalicə onun inkişafını ləngidir, xoşagəlməz simptomları (ağrılar və s.) azaldır, fəsadların qarşısını alır.
Müalicə zamanı iltihabəleyhinə prepartalardan, hormonlardan, immun sisteminə təsir edən preparatlardan istifadə olunur. Dərmanlar adətən uzun müddət ərzində istifadə olunur və bu səbəbdən yanaşı təsirlərin inkişafı mümkündür. Xəstə daim həkimin nəzarətində olmalı, onun tövsiyələrinə əməl etməli, vəziyyətində olan istənilən dəyişikliklər barəsində həkimə xəbər verməlidir.
Müalicə zamanı həmçinin fizioterapiya istifadə olunur - lazerlə müalicə, krioterapiya.
Xəstə streslərdən, gərginliklərdən uzaq olmalıdır. Bu çox vacibdir - güclü stress xəstəliyin kəskinləşməsinə səbəb ola bilər. Həmçinin xəstə özünü soyuqdəymə xəstəliklərdən qorumalı, yaxşı qidalanmalı, kifayət qədər yatmalı və dincəlməlidir.