Azərbaycanın əməkdar incəsənət xadimi Şeyx Əbdül kimi tanınan Əbdül Mahmudovun səhhəti ilə bağlı problemlər yaranıb.
Axşam.az xəbər verir ki, rejissor bu barədə ans press-ə danışıb. Kinorejissor ev şəraitində müalicə alır. Ə.Mahmudovun sözlərinə görə, onun ayağında problemlər yaranıb:
"Ayağımda ağrılar var. Bu xəstəliyə "paraliçnıy nervı" deyillər. Ruhu şad olan Topal Teymur kimi ağsayıram. Yataq şəraitində evdə müalicə olunuram".
Əməkdar incəsənət xadimi ayağının ağrımasının öz günahı olduğunu deyib. O, ayağını soyuqdan və yağışlı günlərdən qorumadığını bildirib.
Əbdül Mahmudovun kinoya gəlişi uşaqlıq illərində çəkildiyi "Bir məhəllədən iki nəfər" və "Leyli və Məcnun" filmlərilə baş verib. Daha sonra M.A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Adil İsgəndərovun kursunda aktyorluq ixtisasında (1962-1966), Moskvada isə Ali rejissorluq və ssenaristlər kursunun rejissor bölməsində Andrey Tarkovski, Leonid Trauberq, Vasili Şukşin və G. Daneliya kimi məşhur sənətkarlardan dərs alıb. "Azərbaycanfilm" kinostudiyasında aktyor kimi işləyib. Bir ara kinostudiyanın nəzdindəki kino-aktyor teatrının bədii rəhbəri olub. Dövlət mükafatı laureatı, əməkdar incəsənət xadimidir.