Heyvanlar - Heyvanlarin heyat terzi - Ağ və qonur ayılar - Ağ və qonur ayılar haqqinda
Ağ ayı (lat. Ursus maritimus) – Yırtıcılar dəstəsindan bir məməli növü.
Şimal Buzlu okeanın sahillərində və üzən buzlar sahələrində yaşayır. Bədəninin uzunluğu 2-2.5 m. Ağ ayı quruda yaşayan yırtıcı heyvanların içində ən böyüyüdür, onun orta kütləsi 400 kq-a yaxındır. Lakin əgər ayı yaşlıdırsa və qışa piy toplayıbsa, onun kütləsi 800 kq-dan çox ola bilər. O yuvasını sahildəki qar çöküntüləri içində qazır. Yuvasına 2-3 metr uzunluqda girişi qarla tutulmuş boru aparır. Dekabr-yanvar aylarında ayının övladları dünyaya gəlir. Ayı balaları çox kiçik doğulur, uzunluğu 30 santimetr olur. Yazda təhlükəsizlik üçün dişi ayı balaları ilə sahildə yaşayır və ya buzun üstündə üzürlər. Yayda onlar hətta Şimal qütbə çatırlar. Əsasən suitilərlə qidalanırlar. Ağ ayılar yaxşı üzürlər, suda isə balıq tuturlar.
Qlobal istiləşmə ağ ayıların yarıdan çoxunu məhv edə bilər. Ümumdünya Vəhşi Təbiət Fondunun mütəxəssisləri xəbərdarlıq edirlər: Arktik buzların əriməsi ağ ayılar üçün o qədər öldürücü olacaq ki, 2050-ci ildə Rusiyanın şimal sahillərində və Alyaskadakı ağ ayılar məhv olacaqlar.
İndi dünyada 20-25 min arası ağ ayı var. Alimlərin proqnozlarına görə, 40 il müddətində onların üçdə ikisi yox olacaq.
Ağ ayılar əsasən Rusiya, Qrenlandiya, Norveç, ABŞ, Kanada və Alyaskada yaşayırlar.
Onların müxtəlif ölkələrdə vəziyyətləri də fərqlidir. Rusiyada ağ ayılar 1956-cı ildən "Qırmızı kitab"a düşüb. Elə ən yaxşı vəziyyətdə olanlar da Rusiyadakı ağ ayılar sayılır. Bütövlükdə hər il dünyada 1000-ə yaxın ağ ayı məhv olur.
Ümumdünya Təbii Mühit Fondunun Berinq dənizi üzrə proqram direktoru Marqaret Ulyams deyir ki, iqlim dəyişikliyi özü bir çox şeylərin dəyişməsində də böyük rol oynayır. Məsələn, ağ ayılar quruya çıxmağa, quruda daha çox vaxt keçirməyə başlayırlar. Həmin vaxtsa ayıların ovlanmasına daha çox şərait yaranır.
Ağ ayılar bütün dünyada nəsilləri kəsilmək təhlükəsi qarşısında olduqlarından onların qorunması üçün 1973-cü ildə ağ ayılar haqqında beynəlxalq saziş imzalanıb.
Qonur ayı (lat. Ursus arctos) - ayı cinsinə aid məməli heyvan növü.
Ayı yırtıcı məməli heyvanıdır, ölçüləriylə, rəngləriylə və yaşadığı mühitlə bir-birindən fərqlənən 7 yarımnövdən ibarətdir. Bədənin uzunluğu 1,7-2,2 m, çəkisi 100-340 kilo olur. Boz ayı uzunsov sifətli, balaca gözlü və balaca quyruqlu heyvandır. Tükü qalın, boz rəngdədir. Köpək dişləri möhkəm, azı dişlərinin tacı enli və yastıdır. Bu yeməyin qarışıq olmasıyla əlaqədardır. Burunu yaxşı inkişaf etmiş iybilmə selikli qişaya malikdir. Pəncələri iri, möhkəm, beş barmaqlı, caynaqları möhkəm, bükülmüş şəkildədir. Başqa yırtıcı məməlilərdən fərqli olaraq, ayılarda mimika demək olar ki, yoxdur. Meşə heyvanı olan boz ayıya, Zaqafqaziyanın cənub rayonlarındakı dağlı meşə ərazilərdə rast gəlmək olar.
Boz ayılar bütün gün ərzində fəaldır. Qışda onlar 195 gün səthi qış yuxusuna gedirlər. Ayılar çalalarda, mağaralarda yuva qururlar. Boz ayının qış vaxtlarında dincəlməsini qış yuxusu adlandırmaq olmaz, çünki onun bədəninin hərarəti normal qalır və o, təhlükə hiss edəndə yuvasından çıxa bilər. Yuva qurmayan ayılar veyl olur. Veyl heyvanların olması yaşayış şəraitinin pisləşməsindən xəbər verir. Bu ayılar insan üçün çox təhlükəlidir. Arealın cənub hissələrində ayı bütün il boyu fəaldır. Ayılar suda çox yaxşı üzürlər, dayaz yerlərdə onlar hətta balıq tuturlar. Ayılar ağaca dırmaşıb, arıların yuvalarını dağıdırlar. Adətən tək həyat tərzi sürürlər. Hər şeyi yeyirlər. Meyvə gilələrindən, baldan, həşaratlardan əlavə ayılar cəmdək də yeyirlər.
Cütləşdirmə may ayından iyunadək olur. İki ildə bir dəfə balalıyır. Hamiləlik dövrü 7-8 ay çəkir. Bala ayılar qışda doğulur. Doğulan ayıların uzunluğu 20-25 sm olur, bir aydan sonra gözləri açılır. İki yaşa çatanda onlar artıq təkbaşına qidalanırlar, ilk iki qışda ailəvi qış yuxusuna gedirlər. 45 il yaşayırlar. Son illərdə Azərbaycanda ayılar qeyri qanuni yollarla təbiətdən götürülüb, pis şəraitdə restoranlarda saxlanılır.