Bir müddətdir ki, Kütləvi İnformasiya Vasitələrində şou-biznes nümayəndələrinin və bir sıra incəsənət adamlarının dövlət büdcəsinə vergiləri tam həcmdə və vaxtında ödəmədikləri barədə silsilə yazılar, telesujetlər yayımlanır.
Mediada dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, şou-biznes nümayəndələrinin və incəsənət sahəsində çalışan vergi ödəyicilərinin çoxu dövlət büdcəsinə vergiləri ödəməkdən yayınmaqda davam edirlər. Elə bir neçə gün əvvəl xalq artisti Bilal Əliyev toya 1 milyona getdiyini açıqlamışdı.
Vergilər Nazirliyi şou-biznes nümayəndələrinin vergi bəyannamələri ilə bağlı sorğusuna cavab olaraq bildirib ki, Vergi Məcəlləsinin 67-ci maddəsinə uyğun olaraq, bu fəaliyyət növü üzrə qeydiyyata alınmış 2942 vergi ödəyicisi tərəfindən təqdim edilmiş vergi bəyannamələri araşdırılaraq, orada göstərilmiş rəqəmlərin reallığı əks etdirmədiyi aşkarlandığından həmin vergi ödəyicilərinə uyğunsuzluq məktubları göndərilib.
Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən vergi öhdəliyi yerinə yetirilmədikdə hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə göndərilmiş bildirişi aldıqdan sonrakı 5 gün ərzində onlar müvafiq sənədləri təqdim etməsələr və hesablanmış vergiləri dövlət büdcəsinə ödəməsələr, barələrində Qanunda nəzərdə tutulmuş aşağıdakı tədbirlər görüləcək:
- Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir.
- Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən dövlətə vergi borcu olan vergi ödəyicilərinin əmlakı siyahıya alına və qeyd olunan Məcəllənin 90-cı maddəsinə əsasən müvafiq məhkəmə qərarına əsasən hərracda satıla bilər;
- Borclu vergi ödəyicisinin mülkiyyətində olan avtonəqliyyat vasitəsi üzərinə həbs qoyula bilər;
- “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən borclu vergi ödəyicisinin ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyula bilər ( bu Rusiya Federasiyası, İsrail və digər xarici ölkələrə toya, yeni il şənliklərinə və digər tədbirlərə gedən müğənnilər, onları müşayət edən musiqiçilər, habelə istirahətini xarici ölkələrdə keçirməyə üstünlük verən şou-biznes nümayəndələri üçün xüsusilə aktualdır);
- Xeyli miqdarda (2000,0 manatdan yuxarı) vergiləri ödəməkdən yayınma halları aşkar olunduqda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213-cü maddəsinə əsasən vergi ödəyiciləri barədə cinayət işi açıla bilər.
Bəzi şou-biznes nümayəndələri, müğənnilər, onları müşayət edən musiqiçilər müvafiq vergi orqanlarında uçota durmadan fəaliyyət göstərdiklərindən, onlar barəsində də qanunda nəzərdə tutulmuş tədbirlər görülməkdədir və belə şəxslərə bir daha təklif olunur ki, yaşadıqları və fəaliyyət göstərdikləri ərazi üzrə müvafiq vergi orqanına müraciət edərək uçota dursunlar. Elektron qaydada uçota durmaq istəyənlər isə cəmi bir neçə dəqiqə ərzində bu istəklərini reallaşdıra bilərlər.
Nəzərə almaq lazımdır ki, Cinayət Məcəlləsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olma cinayət məsuliyyətinə səbəb olur.
Ölkəmizin konsert salonlarında keçirilən tədbirlər də nəzarətə götürülmüş, ilkin olaraq konsert təşkilatçısı olan və bu fəaliyyət üzrə vergi öhdəliyini yerinə yetirməyən 12 vergi ödəyicisinə kameral qaydada 115,5 min manat vergi hesablanıb. Yaranmış vergi borclarının alınması üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün tədbirlərdən istifadə olunacaq.
Yarana biləcək suallarla ölkəmizin istənilən yerindən 195 nömrəsini yığmaqla (stasionar telefonlarla danışıqlar pulsuzdur) Vergilər Nazirliyinin Çağrı Mərkəzinə, habelə vergi ödəyicilərinə xidmət mərkəzlərinə və müvafiq vergi orqanlarına müraciət etmək olar.