Mantu sınağı

Son güncelleme: 09.12.2015 19:24
  • Tənəffüs orqanları - Mantu sınağı haqqinda

    Bir çox insanlar bu sınağı peyvənd kimi dərk edirlər. Lakin bu peyvənd deyil.
    Bu sınağın əsas vəzifəsi insan orqanizmində vərəm infeksiyasının erkən aşkar edilməsidir.
    Mantu sınağı bir çox hallarda 1 yaşından 18 yaşına kimi olan yaş qrupu arasında keçirilir. Məsələ burasındadır ki, bu qrup insanlar bu infeksiyanın yoluxmasına xüsusilə həssasdırlar.
    Mantu sınağı insan orqanizmi üçün tam təhlükəsiz sayılır (dağıdılmış vərəm çöplərindən hazırlanır). Lakin bu sınaq allergik reaksiya verə bilər.
    Mantu sınağı dəri daxili bazu önü nahiyəsinə yeridilir. Bu yeri qaşımaq, bura yod, "zelyonka" sürtmək, plastır yapışdırmaq olmaz ki, bunun nəticəsində sınaq düzgün qiymətləndirməyə bilər.
    Mantu sınağının nəticəsi 72 saatdan sonra həkim tərəfindən qiymətləndirilir. Bunun üçün xətkeşin köməyilə sınaqdan sonra inyeksiyanın yerində əmələ gəlmiş infiltratın (qabarıq yer, kiçik şiş) diametri ölçülür.
    - İnfiltrat və hiperemiya (dərinin qızarması) olmadıqda və inyeksiyadan olan nöqtə şəklində yara olduqda (0-1 mm) sınaq mənfi sayılır.
    - İnfiltratın ölçüləri 2-4 mm olduqda və ya inyeksiya yerində yalnız hər hansı ölçüdə olan qızarma olduqda, sınaq şübhəli sayılır.
    - İnfiltrat 5 mm və daha artıq olduqda sınaq müsbət sayılır.
    Mantu sınağı üçün müəyyən əks göstərişlər də var:
    - sınaq yerində olan bəzi dəri xəstəlikləri (psoriaz, neyrodermit, ixtioz);
    - kəskin xroniki infeksion xəstəlikləri və qeyri-infeksion xəstəliklər kəskinləşmə müddətində (sınaq sağaldıqdan 1 ay sonra keçirilə bilər);
    - allergik xəstəliklər (revmatizm, bronxial astma, idiosinxroziya);
    - yüksək hərarət;
    - epilepsiya.
    Əgər uşaqda sınağın nəticəsi ilk dəfə müsbət olubsa (əvvəllər mənfi idi), infiltratın ölçüləri kəskin böyüyübsə (6 mm və daha artıq) və ya infiltratın ölçüləri həddən artıq böyükdürsə, uşaq mütləq ftiziatrın müayinəsinə göndərilməlidir. Sınağın nəticəsi şübhəli olduqda da uşaq ftiziatrın müayinəsindən keçməlidir. Əgər infiltratın ölçüləri çox böyükdürsə (17 mm-dən böyük), inyeksiyanın yeri irinləyibsə, uşaqda limfatik düyünlər şişibsə, bu halda uşağı həm ftiziatr, həm allerqoloq müayinə etməlidir.
    Bəzi hallarda reaksiyanın müsbət olmasının səbəbi uşağın orqanizmində olan vərəm infeksiyası deyil, qurdlar, xroniki tonzillit, allergiyalar, tez-tez təkrarlanan soyuqdəymə xəstəlikləri ola bilər. Bu səbəbdən hətta Mantu sınağın müsbət olması 100% hallarda uşaqda vərəmin olmasını təsdiq etmir. Diaqnozun dəqiqləşdirməsi üçün uşaq bir neçə əlavə analiz və müayinələrdən keçməlidir.

    alinti..
#09.12.2015 19:24 0 0 0