Əməkdar artist Lalə Məmmədova boşanmasından danışıb. Lent.az-ın məlumatına görə, “ATV maqazin onlarla” verilişində şəxsi həyatından söz açan ifaçı həyat yoldaşından boşanmasını bu cür izah edib: “Heç vaxt istəməzdim ki, ailəm dağılsın. İlk dəfə etiraf edirəm ki, boşanmaq üçün iddia ərizəsini qarşı tərəf vermişdi. Bəlkə də başqa vaxt versəydi, düşünərdim kaprizdi. O qədər ailələrdə olur ki. Mənim bətnimdə övladım var idi, bunu etməməliydilər. Qadının ən çətin, duyğulu, köməksiz vaxtı onun hamiləlik dövrüdür. Bu zərbədən sonra başa düşdüm ki, alınmayacaq. Ola bilər, o da peşmançılıq çəkir. Qarşımdakının belə addım atmayacağına özümü inandırmışdım. Amma kişilər fərqli imiş. Övladlarımın atasıdır, onun başını aşağı edəcək hərəkətim olmayıb. Bir az səbr etmək, nəyisə ötürmək lazım idi. Səbri çatmadı, ona da uğurlar arzulayıram. Qadın hiss edirsə ki, o insan ona lazımdır, yanında saxlayacaq. Bitdi, geriyə qayıtmasın istəmirəm. İllərlə okeanın tam ortasına kimi qayıqda avar çəkdim. Ortaya çatanda başa düşdüm ki, təkəm. İkinci övladım dünyaya gələndə jurnalistlər xəstəxananın qarşısında dayanırdılar. Gecə qaranlıqda xəstəxanadan çıxdım, özü də tək idim. Sona qədər düşündüm ki, bəlkə övladının xətrinə qayıdar. Sonra başa düşdüm ki, yanılmışam. Heç bir qadına belə şeyləri görməyi arzulamıram. Həmin an mənə valideynlərim dəstək oldular. Yoxsa heç qızımı dünyaya gətirə bilməzdim".
L.Məmmədova ikinci dəfə ailə qurmaq istədiyini də deyib: “Bu dəfə tələblərim başqadır. Mən də insanam, ömrüm başa çatmayıb ki... O insan məni saf məhəbbətlə sevməli, yaxınlarımı da çox istəməlidir. Məni musiqimlə qəbul etməlidir. Mən dünya gözəli olmamışam, amma yaxınlaşıb ailə qurmaq istəyən çox olurdu. İlk şərtləri musiqini atmağım idi. Ailə qurmağımın ilk səbəbi məni müğənni kimi qəbul etməyi oldu. “Leyli-Məcnun” sevgisi yaşamamışam. O da ziyalı ailənin övladı olub, onu pisləyə bilməzdim. Aramızda yaş fərqi var idi, illər keçdikcə bu, özünü büruzə verirdi".