Maralcığaz bacısı ilə necə dost oldu

Son güncelleme: 19.02.2016 12:03
  • hekayələr - maralcığaz - maralcığazın hekayəsi - maral - dost - maralcığazın bacısı

    noimage

    Balaca maralcığaz böyük mehriban ailədə yaşayırdı. O, anasından və atasından başqa böyük qardaşı Robu da çox sevirdi. Amma hələ əməlli başlı gəzməyi də bacarmayan körpə bacısı Luya isə arabir hirslənirdi. Atası həmişə işdə, qardaşları isə məktəbdə olurdu. Anası adətən evdə olsa da, demək olar ki, bütün günü bacısı ilə məşğul idi. Bəzən böyük qardaşları yel kimi evə girib, masanın üstündən yeməyə bir şey götürür, maralcığazın saçını qarışdıraraq yenidən harasa yoxa çıxırdılar. Maralcığaz özünü gərəksiz hiss edir, çox vaxt meşənin dərinliyinə çəkilir, hamıdan gizlənir və qəmgin otururdu.

    - Yəqin, mən çox çirkinəm, - deyə fikirləşirdi, - ona görə də məni heç kim sevmir.

    Bir gün gəzintidən qayıdan maralcığaz evdə nə isə baş verdiyini hiss elədi. Ana, ata və Rob evdə idi, Lakin onlar başlarını itirmiş halda, əllərində qızdırma ölçən, qızdırıcı su qabı və quru otla bacısının baş üstündə vurnuxurdular. Sən demə bacısı xəstələnibmiş.

    - Aydındı, - maralcığaz fikrə getdi, - əgər mən xəstələnsəydim, heç kim narahat olmazdı.

    O, belə fikirləşməyinə baxmayaraq bacısının otağına keçdi. Lu çarpayıda halsız uzanaraq ağır-ağır nəfəs alırdı. Onun hər zaman alışıb yanan şən və şıltaq baxışları solğunlaşmışdı. Maralcığaz bir an təlaşa düşdü. Həyatında ilk dəfə o özünə görə deyil, başqasına görə narahat olmağa başlamışdı.

    - Ana, istəyirəm bacım üçün evcik tikim.
    - Hə oğlum, bacınla bir az oyna. İndi atan həkim dalınca gedəcək, Rob isə aptekə dərman dalınca qaçıb.
    - Sən bacınla oynasan, mənə şam yeməyi bişirənə qədər xeyli kömək etmiş olarsan.
    - Əgər xəstələnən mən olsaydım, atam yenə həkim dalınca, Rob da aptekə qaçardı? - deyə maralcığaz soruşdu.
    - Bu nə sözdür, əlbəttə qaçardı! - deyə ana maral oğlunun bu sualına təəccüb etdi.

    Anası mətbəxə keçəndən sonra maralcığaz bacısı üçün evcik düzəltməyə başladı və onu əyləndirmək üçün çox səy göstərdi. Lakin bacısı bütün bunlara sadəcə etinasız şəkildə tamaşa edir, heç gülümsəmirdi. Əldən düşən maralcığaz qəflətən bacısı üçün düzəltdiyi evə toxunaraq yerə yıxıldı. Bu əyləncəli mənzərə axır ki, Lunu güldürdü. Ana və bacısı üçün artıq dərman alaraq aptekdən qayıtmış qardaşı səs-küyü eşidib otağa qaçdılar.

    - Mən sadəcə Lunu güldürmək istəyirdim, ancaq yıxıldım, - maralcığaz üzr istəyirmiş kimi dedi.
    - Afərin! - deyə Rob da gülməyə başladı, - bacına görə əzilməyə də razısan, - deyib adəti üzrə yenə də qardaşının kəkilini qarışdırdı.

    Bir neçə gündən sonra Lu sağaldı. Bundan sonra o, maralcığazdan bir addım belə aralanmırdı. Bu bəzən maralcığazı bezdirsə də, bacısına qarşı səbrlə davranırdı. Axı indi bilirdi ki, hamı onu sevir. Buna görə o da hamını sevmək istəyirdi.

    alıntı..
#19.02.2016 12:03 0 0 0