Ana südü sağıldıqdan sonra necə saxlanmalıdır?

Son güncelleme: 09.04.2016 22:24
  • Ana südü - Ana Südünün Əhəmiyyəti - Ana südü haqqında

    noimage

    Yeni doğulan körpəyə xüsusən ilk 6 ayına qədər verilən ana südünün dəyəri əvəzedilməzdir. Ancaq bəzən anaların körpələrini uzun-uzun əmizdirə bilmələri üçün şərtlər uyğun gəlmir. Südün əmizdirmə ilə bağlı artdığını, bir damcısının belə, nə qədər dəyərli olduğunu nəzərə alsaq, çalışan analar üçün südü sağmaq daha böyük önəm daşıyır. Əlbəttə, sağılan südün sağlam, təmiz şəraitdə saxlanması da bir o qədər vacibdir. Bəs ana südü sağılıb necə saxlanmalıdır? Aile.lent.az bununla bağlı bəzi məlumatları təqdim edir.



    Ana südünün saxlanmasının əhəmiyyəti


    Ümumdünya Sağlamlıq Təşkilatı tərəfindən körpələrin ilk 6 ayında ancaq ana südü ilə qidalanması məsləhət görülür. Südün tərkibi ana və körpəsi arasındakı bağdan asılıdır. Ona görə anaların südləri tərkibinə görə fərqli olur. Bir ananının körpəsi tam olaraq nəyə ehtiyac duyursa, anasından gələn süddə də o maddələr olur.


    Hansı hallarda süd sağılıb saxlanır?

    İşə geri qayıtmaq məcburiyyətində olan bir ana körpə hər ehtiyac duyanda onu əmizdirə bilməyəcək. Ya da ana yorğun və yuxusuz olduğunda başqa ailə üzvü sağılmış südlə körpəni yedirə bilər. Yeni doğulan körpə döşü tutmağı bacarmadığı hallarda da südü sağıb vermək olar. Körpə əmmək istəmədiyi halda döşdə süd yığını yaranır, ona görə sağılmalıdır. Bütün bu hallarda ana südünü sağıb uyğun sağlam şərtlərdə saxlamaq lazımdır.


    Südü necə saxlayaq?

    Xanımlar əllə, ya elektrikli manuel sağıcı ilə sağılan südün bəzən az gəldiyindən şikayət edə bilərlər. Həqiqətən stressli olanda, bədən istiliyi düşəndə südün gəlməsi azalır. Belə halda döşə ilıq kompres edilməlidir. Həm də ananın süd sağma zamanı körpəsinə aid bir əşyanı qoxlaması, fotosuna baxması da südün gəlməsini artıra bilər. Uşağın immunitetini artıran südün tərkibindəki antikorlar bakteriya yaranmasının qarşısını alır. Buna görə ana südü uzun müddət saxlana bilər.


    Saxlandığı qab necə olmalıdır?

    Soyuducuda saxlanmaq üçün strelizə edilmiş sərt qapaqlı, çölü sərt plastikli, qapağı qətiyyən hava keçirməyən şüşə qablar istifadə edilməlidir. Bu cür qablar hazır satılır. Sərt plastikdən hazırlanmış şəffaf qutular da istifadə edilə bilər. Yedirərkən də yeni sağdığınız südü yox, çoxdan sağılmış südü verin.


    Nə qədər süd saxlanmalıdır?

    Ana südü daha tez doyurur. Körpə doğulduğu ilk aylarda kiçik miqdarlarda saxlayın. Məsələn 40, 60 ml ola bilər. İki dəfə içirə bilərsiniz, iki dəfədən artıq olmaz. Uzun müddət saxlanan süd zəhərlənmə yarada bilər.


    Harada saxlanmalıdır?

    Təzə sağılmış süd soyuducuda, buzluqda, dərəcəsi sabit dərin dondurucuda, izolyasiyalı portativ ana südü saxlama çantalarında saxlana bilər. Dondurub əridilən süd dəyərini itirir. 8 gün istifadə ediləcəksə, soyuducuda saxlana bilər. Dondurulmuş süd istifadədən sonra ancaq 1 gün soyuducuda saxlana bilər. Donmuş süd bir daha dondurulmamalıdır.


    Nə qədər müddət saxlana bilər?

    Körpələr dünyaya gəldikdən sonrakı iki həftə anaların südünə ağız südü deyilir. İlk 6 gün ağız südü deyilən bu süd otaq istiliyində 12 saat boyunca saxlana bilər. İrəliləyən müddətdə 15 dərəcədə 24 saat, 19-22 dərəcədə 10 saat, 25 dərəcədə 4-6 saat saxlana bilər. Soyuducuda isə 0-4 dərəcədə 8 gün, buzluqda 2 həftə, ayrı qapısı olan buzluqda 3-4 ay, ayrı qapısı olan dərin dondurucuda 6 ay və daha çox saxlana bilər.


    Donmuş südü isidərkən

    Əvvəlcə soyuducunun aşağı gözündə saxlayın. Sonra isti su ilə dolu kasaya qoyun, ya da axar suyun altına tuta bilərsiniz. Öz-özünə donu açılsın. 6 aydan sonra körpələr də soyuq süd içə bilər.


    Südü atmalı olduğumuzu necə anlaya bilərik?

    Dondurulmuş südün xarab olduğuna dair şübhəniz varsa, azca miqdarı qaynadıb südün kəsilib kəsilmədiyinə diqqət edin. Ana südündən pis qoxu gələ bilər. Ancaq bundan narahat olmağa dəyməz. Dadı da fərqli ola bilər. Bu da ananın qidalanması ilə bağlıdır. Sarımsaq, balıq, tərəvəzlər südə dad verir.


    Nadir hallarda ana südü boyat və turşumuş ola bilər. Bunun səbəbi süddə lipaz olmasıdır. Lipaz ana südündəki yağların həzmini təmin edən bir fermentdir. Süddəki yağları parçalayır, bu səbəblə A və D vitamini asanlıqla əmilir. Süddə lipaz varsa, kiçik qabarcıqlar çıxana qədər qaynatmaq ən yaxşısıdır.


    Bu detallara diqqət edin:

    Südü sağmadan əvvəl əllərinizi yaxşı yuyun, saxlanma qablarını sterilizə edin.

    Dondurulmuş südün üzərinə yeni sağılmış südü əlavə edə bilərsiniz. Ancaq əvvəlcə təzə südü sərinlədin.

    Südü qaba boşaldarkən şüşənin ağzından 2-2.5 sm boş yer buraxın. Çünki süd
    donanda genişlənir.

    Südü qətiyyən mikrodalğalı sobada isitməyin.

    Ana südünün azca qatılığı və maviyə çalar rənginin olması normaldır.

    Südü çalxalamayın. Qaşıqla yavaş-yavaş dairəvi qarışdıra bilərsiniz.

    Fərizə ƏHMƏDOVA
#09.04.2016 22:24 0 0 0