Dünya çempionumuz - Erməni ilə döyüşə xalqımız adından çıxmışdım

Son güncelleme: 22.04.2016 19:38
  • xəbər - xəbərlər - idman xəbərləri


    noimage

    “Biz cəbhədəki uğurlarımıza sevinirdik. Xalqımız, ictimaiyyətimiz də idmançılarımızın uğurlarına da eyni sevinclə yanaşdılar”.

    Bu fikirləri APA TV-nin “APAsport” layihəsinin qonağı, Azərbaycan Boks Federasiyasının baş katibi Nağı Səfərov deyib.

    Braziliyanın Rio-de-Janeyro şəhərində təşkil olunacaq Yay Olimpiya Oyunları yaxınlaşdıqca, lisenziyalarının sayını artıran yığmamız artıq bu rəqəmi 42-yə çatdırıb. Son günlər qazandığımız 8 vəsiqədən 5-i boksçularımızın payına düşür ki, bunlar da Samsunda keçirilən Avropa Olimpiya Təsnifat Turnirində əldə olunub. Bununla da boks millimizin lisenziyalarının sayı 8-ə (Yana Alekseyevna (60 kq), Elvin Məmişzadə (52 kq), Cavid Çələbiyev (56 kq), Albert Səlimov (60 kq), Lorenzo Sotomoyor (64 kq), Pərviz Bağırov (69 kq), Abdulqadir Abdulayev (91 kq), Məhəmmədrəsul Məcidov (+91 kq)) çatıb.

    N. Səfərov bildirib ki, qardaş ölkədə yığmamızın 5 lisenziya, həmçinin 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanması yarışa ciddi hazırlığın nəticəsidir: “Lisenziya qazanmağın asan olmadığını hər birimiz başa düşürdük. Fikrimcə, idmançılarımız etimadımızı doğruldular. Təbii ki, lisenziyalarımızın sayı daha çox ola bilərdi. Amma bu yarışda ən çox vəsiqə qazanan komandalardan biri də məhz Azərbaycan yığması oldu. Cavid Çələbiyev isə Samsunda inamlı çıxışı ilə yeni bir tarixə imza atdı”.

    Uğurla yanaşı, lisenziya qazana bilməyən boksçularımızın da çıxışına toxunan federasiya rəsmisi Rio Olimpiadasına vəsiqə uğrunda mayda Astanada keçiriləcək dünya çempionatında (qadınlar) və iyunda Bakıda baş tutacaq Dünya Olimpiya Təsnifat Turnirində (kişilər) dəyişikliyin olub-olmayacağını da açıqlayıb: “Baş məşqçimiz planını 1 həftədən sonra açıqlayacağını deyib. Bu gərgin yarışdan sonra komanda bir neçə günlük istirahətdədir. Məğlub olan boksçularımız da yarışda Azərbaycanı kifayət qədər yaxşı təmsil etdilər. Belə deyək, Teymur Məmmədov günün neqativ sensasiyasına səbəb oldu. Avropa, dünya və Olimpiya mükafatçımız sıravi bir türk idmançısına qalib gələ bilmədi. Amma onu da qeyd edim ki, Məmmədovun əlində ciddi bir zədə vardı, uduzduğu görüşdən öncə rusiyalı ilə qarşılaşmada bu zədə daha da ağırlaşdı. Həmin döyüşdə Teymur ancaq bir əli ilə mübarizə aparırdı”.

    Samsundan qızıl medal və lisenziya ilə dönən Cavid Çələbiyev də öz çıxışını dəyərləndirib. Onun sözlərinə görə, müəyyən müddətdən sonra 56 kq çəki dərəcəsində yenidən liderliyi ələ almasında psixoloji durumu xüsusi rol oynayıb: “Qarşılaşdığın 4 rəqibin hamısı güclü idi. Yarımfinalda da erməni Aram Avaqyanla üz-üzə gəldim. Erməni boksçusu ilə vuruşduğumu, bütün Azərbaycan xalqı adından döyüşə çıxdığımı yaxşı bilirdim. Bu məsuliyyəti öz üzərimdə hiss edirdim. Psixologiyam da, motivasiyam da çox yaxşı idi. Hər bir döyüşə elə çıxıram. Çünki görüşə psixoloji cəhətdən hazır olduqda qalib gəlmək çətin olmur. Erməni ilə döyüşə isə daha da yüksək əhval ruhiyyədə çıxdım və ona gücümü göstərdim”.

    Dünya çempionumuzun erməni ilə döyüşünə toxunan baş katib bildirib ki, rəqibə “uduzacaqsan, amma azərbaycanlı boksçuya elə bir zədə yetir ki, o final döyüşünə çıxa bilməsin” göstərişi də verilmişdi: “Hakim erməniyə bir neçə dəfə başını qaldırıb döyüşməyi ilə bağlı xəbərdarlıq etdi. O isə Cavidə başla zərbə endirmək istəyirdi”.

    N. Səfərov Abdulqadir Abdullayevin erməni əsilli Ukrayna yığmasının boksçusu Qevork Manukyanla döyüşdən də danışıb: “Avropa Oyunlarının finalında həmin idmançı rinqə çıxmadı, zədəli olduğunu dedi. Bu dəfə də boksçumuzun yüksək formada olması asan qələbə qazanmasına imkan verdi. Rəqib tam yorulmuşdu və boksçumuz onu erməni olduğu üçün nokdaun və nokauta salmaq da istəyirdi”.

    C. Çələbiyev Rioda da Aram Avaqyanla qarşılaşmaq arzusundadır. Boksçumuzun sözlərinə görə, yarımfinalda məğlub etdiyi və 3-cü yer uğrunda görüşdə qələbə sayəsində lisenziya qazanan erməni ilə Olimpiadada yenə üz-üzə gələrsə, ona növbəti dəfə yerini göstərəcək: “Samsunda erməni üzərində qələbə qazanmaqla xalqıma sevinc bəxş etmişəmsə, Olimpiadada niyə də bu təkrarlanmasın? Braziliyada da rəqibi məğlub etməklə ona himnimizə qulaq asdırmaq mümkündür. Gücümüz də buna kifayət edir”.

    N. Səfərov qadın yığmamızın çıxışını da dəyərləndirib. O bildirib ki, boks aləmində vacib sensasiyalardan birinə ikiqat Olimpiya, dördqat dünya və beşqat Avropa çempionu Keti Teyloru məğlub edən Anna Alekseyevna imza atıb: “Tək bu deyil, finalda da eyni uğuru təkrarladı. Keti bundan sonra Yananı gəlib özü təbrik edərək dedi ki, artıq bu çəkidə favorit sənsən. Bunu mən qəbul edirəm”.

    Olimpiadaya səylə çalışacağını açıqlayan C. Çələbiyev Rioda onu çempionluq qane edəcəyini də xüsusi vurğulayıb.

    Lisenziyalar qazanıldıqdan sonra federasiyanın rəhbər işçiləri ilə görüş olduğunu deyən Səfərovun sözlərinə görə, federasiya prezidenti tövsiyələrini də verib: “Federasiya prezidenti bildirib ki, bu hələ ilk mərhələdir. Bu nəticələr bizi arxayın salmalı deyil. Məsələn, Yana Keti Teylor üzərində qələbə qazandı. Cavid yarışın çempionu oldu. Amma bu, lisenziya yarışıdır. Bu qələbələri biz Olimpiadada təkrarlamalıyıq. Əsas mərhələ qarşıdadır”.

    "Afina-2014"də əldə olunmuş 9 lisenziya rekordunu qıracaqlarına inandığını deyən baş katib bildirib ki, maksimum sayda – 13 vəsiqə qazanmağı hədəfləyiblər: “Belə düşünürük ki, Rioda da bir dəst medalı götürəcəyik”.

    Sonda Azərbaycanda keçiriləcək Dünya Olimpiya Təsnifat Turnirinin barədə danışan N. Səfərov yarışın Bakıda, yoxsa Qəbələdə keçirilməsi ilə bağlı AİBA-dan qərar gözlədiklərini qeyd edib: “Çünki eyni vaxtda Bakıda “Formula-1” üzrə Avropa Qran-prisi keçiriləcək”.

    O, həmçinin Ermənistan yığmasının və digər komandalarda erməni əsilli boksçularının ölkəmizə gəlməkdən imtina xəbərinə də münasibət bildirib: “Hər Olimpiada öncəsi ermənilər yeni bir təxribata əl atırlar. Onlar bu yolla AİBA-dan və digər beynəlxalq federasiyalardan “wild card”lar əldə etmək istəyirlər. Düşünürəm ki, bu da onların növbəti bir təxribatıdır. İndiyədək Bakıda keçirilən yarışların demək olar ki, hamısına Ermənistan idmançıları qatılıb. Onların problemidir ki, zəif çıxış edib, medalçılar sırasına düşə bilməyiblər. Fikrimcə, indi deyirlər, amma son məqamda Azərbaycana gələcəkləri barədə qərar verə bilərlər. Almaniya millisinin heyətindəki ermənilərin gəlməyəcəkləri ilə bağlı fikirlərinə gəlincə, onların elə bir titulu yoxdur. Sadəcə yığmada qalmaq üçün belə bir sözlər danışırlar. Belə deyək, ermənilər həmişə özlərini məzlum bir xalq kimi qələmə verirlər. Amma digər tərəfdən baxsaq, idman elə sülh deməkdir. Bunların nə dərəcədə idman prinsiplərinə, ədalətli oyunlara sadiq olduqlarını “görə bilərik””.

    alıntı..
#22.04.2016 19:38 0 0 0