Dinin Dili Ədəbdir

Son güncelleme: 11.10.2016 19:57
  • noimage

    Müqəddəs dinimiz olan İslam öz mənsublarından gözəl davranmağı, gözəl düşünməyi və danışarkən gözəl sözlərdən istifadə etməyi istəmişdir.

    Həzrət Peyğəmbər hədisi-şərifində buyurur: “Allah-Təala gözəldir və gözəl olanı sevər.” Bu hədisi-şərifdən yola çıxaraq bir müsəlman gündəlik həyatında hər işini gözəl görməli, çirkin əməl və sözlərdən uzaq durmalıdır.

    Qurani-Kərimdə gözəl sözlə bağlı belə buyurulur: “…Gözəl söz kökü (yerdə) möhkəm olan, budaqları isə göyə yüksələn gözəl bir ağac kimidir. O (ağac) Rəbbinin izni ilə öz bəhrəsini hər zaman verir.” (İbrahim, 24-25) Sözlərin ən gözəli isə heç şübhəsiz ki, Qurani-Kərimdir. İlahi əmrə qulaq verən hər bir müsəlman həyatı boyu sözlərin ən gözəli ilə həmhal olmalıdır. Məhz elə bunun nəticəsində də belələrinin dilindən ancaq gözəl söz çıxar. Ümumiyyətlə dinimizin əsas qaynağı olan ilahi kitabımız və Həzrət Peyğəmbərin hədisləri möminləri istər müsəlman olsun, istər qeyri dinin mənsubu – hər kəslə gözəl rəftar etməyi, gözəl xitabı, gözəl dialoqu əmr və tövsiyə edir. Həzrət Peyğəmbərin altmış üç illik həyatdında ağzından bircə dəfə də olsa çirkin söz çıxmamışdır. Məhz bu halı onun möcüzələrindən biri olaraq tarix və siyər kitablarını bəzəyir.

    Əziz Peyğəmbərimizin “Gözəl söz sədəqədir” kəlamı müsəlmanları gözəl söz söyləməyə açıq dəvətdir. Heç şübhəsiz ki, bir müsəlman gözəl sözlüdür və sözlərin ən gözəlini də Rəbbinə dua və münacat halında ifadə edir. Bizi yaradan Allah-Təalaın Qurani-Kərimdə ən gözəl üslubdan istifadə etməsi, Həzrət Peyğəmbərin kəlamlarında natiqlik sənətinin incilərinin mövcud olması İslam dünyasında ədəbiyyat sahəsinin inkişafına yol açmışdır. Müsəlman millətlərin yetişdirdiyi şairlər divanlarının başına ilk növbədə Allaha dua ağırlıqlı şeirlərini, hansı ki, buna “Münacat” deyilir qoymuşlar. Ondan sonrakı sıranı isə Rəsulullahı tərif edən şeirlər bəzəyir. Heç bir dinin və ideologiyanın rəhbərinə İslam Peyğəmbərinə yazılmış qədər şeir və tərif yazılmamışdır. Bəli, bizim ədəbiyyatımız Rəsulullaha yazılmış nətlərlə zəngindir və bu zənginlik nümunələri sayılmayacaq qədər çoxluq təşkil edir. Allah-Təalanın Hz. Musa ilə Harunu Fironun yanına göndərərkən “Ona yumşaq söz söyləyin” (Taha, 43) buyurması heç şübhəsiz ki, eyni zamanda tövsiyə və nəsihətdə gözəl üslubdan istifadə olunmasını Qurana inanan bütün möminlərə təlqin edir.

    İslamın məqsədlərindən biri də ədəbli, həssas qəlbə malik, incə duyğularla dərinləşmiş insan modeli yetişdirməkdir. Hər halı ilə ədəbli olan müsəlman eyni zamanda nəcib duyğuların, zərif düşüncələrin sahibidir. Kiramən-katibin mələkləri tərəfindən ağızdan çıxan hər sözün yazıldığı şüurunda olan mömin təbii ki, çirkin söz söyləməyə cürət edə bilməz. İnsani-kamil olmağın əsas şərtlərindən biri də sahib olduğu ədəbi dilinə də sirayət etdirməkdir. Ədəbiyyatımızın zərif duyğulu mənsubları da məhz bu mühitdə yetişən dahi söz sənətkarlarıdır. Nizamilər, Füzulilər, Həzrət Mövlanalar, Yunus Əmrələr dinimizə və dilimizə öz gözəl töhfələrini verərkən bu duyğulardan yola çıxmışlar.

    Yuxarıda yazdıqlarımızı xülasə edərsək, insanın yaradılışında gözəllikdən, fədakarlıqdan, sevgi və ehtiramdan, gözəl xitablardan zövq almaq vardır. Bu ünsurlərin hakim olduğu cəmiyyətdə şeytani duyğuların yox olması, bunun əksinə olaraq səadətin hakim olması söz mövzusudur. İnsanın zahiri və batini quruluşunu onun özündən gözəl bilən Uca Allah da məhz buna görə gözəl söz söyləməyi təlqin və tövsiyə etmişdir. Eyni zamanda fitri istedada sahib olan ədəbiyyat adamlarımız, dahi söz ustadlarımız yazdıqları və dilə gətirdikləri sözə bəzək verərkən bu düşüncənin fərqində olmuşlar. Bir İslam mütəfəkkirinin dediyi kimi “İslam zərif insan işidir.” Yəni müsəlman zərif və nəzakət sahibi olmalıdır. İslam insanı zərafət və nəzakətlə yoğurur. Zərif insanın dili isə tamamən həya və ədəblə doludur. Dinin dili ədəbdir. İslam düşüncəsinə görə dinin dili ədəb olduğundan ədəbiyyatımız da ilahi çərçivədən kənara çıxmamışdır.

    Nurlan MƏMMƏDZADƏ

#11.10.2016 19:57 0 0 0