Turan Bağdadova - Köhnə bir dost istərdim, başımı xatirələrinə qoymağa

Son güncelleme: 17.10.2016 10:16
  • Sənin musiqin,
    ağacların,
    kainatın,
    kəpənəklərin,
    günəşin,
    təbəssümün
    insanlarından daha gözəldir.

    Tanrıyla qidalanan qəlb
    yerləşməz bu dünyaya,
    küsmə, qoca.
    Yığ qucağına ürəyini...

    Tanrı ürəyimdə.
    Ürəyim isti.
    Yollarım bəlli.
    Günəş əllərimdə.
    Təbəssümüm sakit.
    Bir anım əsr partlaması, dözə bilməzsən.
    Rənglərim çox, yorularsan.
    Baxışlarım səssiz, anlamazsan.
    Səbrim sonsuz, bilmədiyin yerə qədər.
    Özündə olan insanın başını nə qata bilər ki?!
    Yuvam ürəyimdə, dünyada yerim yox.
    Görmədiyin qədər varam mən.
    Dünyaya sığmayan ürəyimi hiss edə bilməzsən.
    Rənglərimdə dolaşarsan...

    Bəzən bir kəpənək kimi hiss edirəm özümü.
    Dünyanın işığına gəlmiş xoşbəxt əlvan bir kəpənək kimi.


    İcazə ver günəş içinə də süzülüb dolsun...

    Özümü tapmağa gedirəm.
    Mən onu illərdir axtarıram.
    O məni illərdir gözləyir.
    Mən onunla vuruşanda da gözləyirdi.
    Mən özümü tapsam,
    kainatın boşluğunda uçan toxum
    bir anda köklü gözəl ağaca çevriləcək.

    İnsanlar başımı qatır.
    Onların gözündən yayınmışam, üzü işığa gedirəm.
    İşığıma gedirəm.
    Özümə gedirəm.
    Özə gedirəm.
    Sevgiyə boyanmış ruhumdan işıqlı xoşbəxtlik yayılır.
    Mən çox arzuladığım, axtardığım xəzinəyə doğru gedirəm.
    Gözlərimi yumsam da görəcək, göz qapaqları divar deyil.
    Çantamda göy qurşaqları var, ruhumda kəpənəklər,
    Ürəyimdə günəşim, üzümdə təbəssüm.
    Mən - məğlubedilməzəm.
    Çox arxada qoymuşam qaranlıqları.
    Günəşi gözlərimə köçürmüşəm, gözlərimi sevirəm.
    Ürəyimə sahib çıxmışam, nuruna yığışan kəpənəkləri sevirəm.
    Bütün var olanları, yarananları, sevə bilən bapbalaca ürəyimi sevirəm.
    Yolumda gördüklərimi sevirəm.
    Yoldakı işıqları sevirəm.
    Ahəngi sevirəm.
    Rəngləri, işıqları, musiqiləri sevirəm.
    Onları birləşdirib sevgiylə toxunan əlin yaratdığı bu kainatı sevirəm.

    Bütün şəhər yatıb.
    Ürəyimin tənhalıq qoxuyan küçələrində gəzinirəm.
    Ümidlərimi çıxarıb rüzgarlara sərmişəm.
    Bir yağış yağacaq.
    Ürəyim heç nə istəmir, hər zamankı kimi.
    Nə yatmaq istəyirəm, nə də yatmamaq.
    Divardakı saatdan zamanın addım səsləri gəlir.
    O, başın; alıb elə hey gedir.
    Kölgələr oynayır divarımda.
    Divar.
    Divara baxıram, gözlərim ağlayır,
    yaşları süzülür içimdəki divardan.
    Bu gün də bir az susuram.
    Gözlərimdən baxıram sadəcə.
    Baxıram.
    Çöldə bir ağac var, üstündə küləklər.
    Günəşin çatmağına az qalıb, gecə azalır.
    Dumanlar içində bir ilxı görürəm.
    Haradan gəlib - bilmirəm.
    Gözləyir.
    Röyama gedəcək.
    Durum onu aparım, gedim...


    Köhnə bir dost istədim,
    başımı xatirələrinə qoymağa...


    Tələsmə ruhum...
    Birlikdə getməliyik.

    Turan
#17.10.2016 10:16 0 0 0