Dayan.
“Sən” adlı yerdə “sən” axtarıram çoxdandır.
“Sən” deyə gəzərkən əlimə “sən” verirdilər.
Aldandım çox.
Əlimdəkilər qum kimi...
Başıma gələn ən çox “sən” içində ən çox “sən”i axtardım.
Nə qədər axtardığım yadımda deyil.
Susub dayanmışdım.
Burada gözümü açdım.
Gözlərim boşluğa baxarkən axtardığımı hiss etdim.
Gülümsəyib gizlənən səni ağlayaraq axtaran mən...
Vaz keçmədim.
Çox aldandım.
İncitdilər yalan “sən”lərlə.
Bir iz tapdım.
Çox gözəl iz...
Sevgini unutmusan olduğun yerlərdə.
Ondan düşdüm izinə.
Bir tərəfdə sən, bir tərəfdə mən.
Gülümsəyirsən.
Olduğun qədər və olduğun kimisən.
Olduğun yerdəsən.
Güvənirəm.
Tarazam.
Önəmlinəm.
Mənimlə xoşbəxtsən.
Hər tərəfdə ətrin, musiqin, nəfəsin, ruhun, nurun varkən,
sən gizlənə bilməzsən.
Dayanma.
İzlərinin nuruyla yol tutmuşam.
Keçdiyin hər yerdən nur damır.
Mənimlə oynayanda nurundan sol tərəfimdə iz qalıb.
İtmərəm artıq.
Fərqindəyəm.
İndi.
Sənin gözlərin tərəzinin bir tərəfi,
mənim gözlərim o biri tərəfi.
Özünə gedən yolu tap,
cənnətlə qarşılaşacaqsan.
Əgər içində sakit balaca çay axırsa,
ağacların səninlə danışdığını duyursansa,
otların, güllərin sənin fərqində olduğunu görürsənsə,
kainatdan gələn səsləri
qulaqların xoşbəxtcəsinə qəbul edib
səni gülümsədirsə,
əriyib kainatın qəlbinə qarışırsan deməkdir...
Gedək deyirsən.
Gedə bilməzsən.
Susduğum qədər yorularsan.
Sevilmək istəyirsən, ürəyimdə azarsan.
Sən ancaq qarşıdakı yolu görürsən, yollarımda dolaşarsan.
Özünü görmürsən, məni hara aparacaqsan?
Yalanların özündən böyükdür, amma mənim əynimə olmaz.
Vəfan ölümə qədər çatmaz, mənim vəfamdan ölə də bilməzsən.
Evini tanımırsan, tənha şəhərlərimdə itərsən.
Həyatın nəyə acdır? Heç nəyim yoxdur mənim.
Bütün həyatını bircə addımla keçərəm, arzuların tökülər kal-kal.
Bu dağ sənin çıxmağın üçün deyil, çıxmağa çalışsan, sinəndə ucalacaq.
Qaranlıq diblərdə gözsüz balıq kimi yaşayırsan, mənə tor atırsan...
Yazmamaq yadımdan çıxıb, yazıram.
Bəzən oyaq qalmaq yadımdan çıxır, durub günortaya qarışıram.
Ağlamaq yadımdan çıxanda gülürəm.
Bəzən dünyanı unuduram, boşluğa düşürəm.
Bəzən itməmək yadımdan çıxır, azıram Günəş işığında.
Bəzən məhəbbət yadımdan çıxır, ürəyim ölür...
Ölümü unutmuşam, yaşayıram, amma bəzən yaşamaq yadımdan çıxır.
Bəzən səni xatırlayıram, kim olduğumu unuduram.
Mən gələndə səni unutmuşdum,
gördüm, yadıma düşdün, gəldiyim yeri unutdum.
Sonu yadımdan çıxdı bu yazımın, bilmirəm harasındayam.
Harasa gedirdim deyəsən, bu yazıda durdum.
Amma, Günəşi unutmuşam, onda gecədir.
Nədənsə tutmalıydım axı, itib gedirəm.
Yol yadımdan çıxıb, dayanmışam.
Görmək yadımdan çıxıb, qaranlıqdır.
Susmaq yadımdan çıxıb, baxıram.
Amma, nəsə deyəcəkdim, unutmuşam...
İstədiyin qədər qaç, ən azı əlində qanadlarımın izi qalacaq...