“Türkiyəyə deyirlər ki, Mosula girmə. Necə girməyək? İraqla 350 km sərhədimiz var, heç İraqla əlaqəsi olmayanlar oradadır”.
APA-nın NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən Beynəlxalq Hüquq Konqresində çıxışında söyləyib.
R. T. Ərdoğan bildirib ki, Türkiyə Mosul əməliyyatında da, əməliyyatdan sonra masada da olacaq: “Çünki orada bizim üçün bir tarix var. Kimsə bizdən Başika düşərgəsini tərk etməyimizi gözləməsin. Məsələ terror təşkilatına qarşı mübarizədirsə, əvvəldən biz bu mübarizəni aparırıq. Mosullu qardaşlarımızı, o cümlədən peşmərgələri İŞİD-ə qarşı hazırlayan bizik. Əks halda, bu gün Mosul əməliyyatında İŞİD-ə qarşı uğurlu mübarizə aparacaq qüvvələr olmazdı. Terror təşkilatlarına bir vasitə kimi yanaşan və dəstək verənləri qınayıram. Terror təşkilatları bumeranq kimidir, gec-tez onlardan istifadə edənləri də vurur. Birgə əməkdaşlıq olmadan terrora qarşı səmərəli mübarizə aparmaq mümkün deyil”.
Türkiyə prezidenti bildirib ki, Türkiyə PKK-nı dəfələrlə məğlub edib, ancaq İraqdakı, Suriyadakı düşərgələrdə yetişdirilən yeni terrorçular Türkiyəyə göndərilir: “Bir çox ölkə PKK terror təşkilatına dəstək verir. PKK bir çox Avropa ölkəsində çadırlar qurur, milyonlarla vəsait toplayır. Strasburqda, Brüsseldə PKK-nın ofisləri var, rahatlıqla vəsait toplayırlar. Avropa İttifaqıPKK-nı terror təşkilatı kimi tanıyır, ancaq onlara şərait yaradır. Almaniyanın baş nazirinə “G-20” sammitində 4 min sənəd verdim. İstanbula gələndə soruşdum ki, o sənədlərin taleyi necə oldu. Dedi ki, sənədlərin sayı 4500-ə çatdı. Hüquq belə olarsa, terrora qalib gəlmək mümkün deyil. İŞİD bəhanə edilərək, Suriya və İraqda böyük faciələr törədilir. 6 ildə Suriyada 600 min insan həyatını itirib. “Fərat qalxanı” əməliyyatı çərçivəsində Cerablusun azad edilməsi göstərdi, qısa müddətdə özümüz bu problemi həll edə bilərik. Türkiyənin israrla Mosul əməliyyatından kənarda tutulması orada məzhəb savaşının qarşısını ala biləcəyimiz üçündür. Məzhəb savaşının qarşısını alacağı üçün Türkiyəni Mosul əməliyyatından kənarda saxlamağa çalışırlar. Biz sünni-şiə qarşıdurmasına yol verə bilmərik. Bizə deyirlər ki, sünni-şiə qarşıdurmasına yol verməyəcəyik. İraq ordusu əsasın kimlərdən təşkil olunub? Əsasən şiələrdən təşkil olunub. İraq ordusu da ora “Haşdi-Şabi” qrupunun yerləşməsinə səbəb olacaq. Bu da məzhəblərarası qarşıdurmaya səbəb olacaq”.
R. T. Ərdoğan Suriyanın PKK qolu olan PYD-yə verilən silahların bir qisminin PKK tərəfindən Türkiyəyə qarşı istifadə edildiyini vurğulayıb: “Bu anlayışla terrorla mübarizə aparmaq mümkündürmü? Fətullahçı Terror Təşkilatının rəhbəri Fətullah Güləni istədik. ABŞ isə öz hüquq sistemini əsas gətirərək terror təşkilatının rəhbərini təhvil vermir. Bir ölkənin hüquq sistemi terrorçuların liderini qoruya bilərmi? “Əl-Qaidə” ABŞ-da terror aktı həyata keçirərkən ABŞ-ın hüquq sistemi yox idi? ABŞ Üsamə bin Ladeni Pakistanda hansı hüquqla vurdu? İraq və Əfqanıstanda necə əməliyyatlar həyata keçirdi? Əgər bu gün ABŞ belə davranarsa, sabah başqalarına deməyə bir sözü olmaz”.
R. T. Ərdoğan ABŞ-a xəbərdarlıq edib: “Münbiç əməliyyatında bizə söz verdiniz. PYD-YPG terror təşkilatının ora girməyəcəyini dediniz. Verdiyiniz sözü tutun. Oranın 95 faizi ərəbdir. Bu səhər mesajımız çatdırıldı. Əgər oranı PYD-YPG-dən azad etməsəniz, sizinlə ortaqlığımız bitər. Strateji ortağıq, amma bizimlə yox, terror təşkilatı ilə hərəkət edirsiniz”.