Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumatda bildirilir ki, qanunsuz ov edilməsi ilə bağlı siqnal daxil olub.
Nazirliyin əməkdaşlarının keçirdiyi reyd zamanı Şəki rayonunun Şin dərəsində şübhəli bilinən "Ural" markalı "AQS 95-85" dövlət qeydiyyat nişanlı maşın saxlanılıb. Avtomobilə baxış zamanı bir baş ovlanmış ayı cəmdəyi və dərisi, həmçinin iki aylıq bir baş diri ayı balası aşkar edilib.
İlkin araşdırmalar zamanı qanunsuz ov edən 7 nəfərin Şəki rayonu, Şin kənd sakinləri olduqları müəyyən edilib. Həmin ərazi sərhəd zonası oldu üçün Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə birgə araşdırma və sənədləşmə aparılır. Sənədləşmə başa çatdıqdan sonra təqsirli bilinən şəxslər barəsində qanunvericiliyə uyğun qaydada tədbir görüləcək.
Avtomobildə aşkar edilən tüfənglər və ov qənimətləri maddi sübut kimi Şəki rayon Polis şöbəsinə, ayı balası isə Altıağac Milli Parkının nəzdində Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reablitasiya Klinikasına təhvil veriləcək.