Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Monitorinq, təhlil və İT şöbəsinin müdiri İsa Əliyevin müsahibəsini təqdim edir:
- İcbari tibbi sığortanın ilkin mərhələdə özəl xəstəxanalara aid edilməyəcəyi və yalnız Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində keçərli olacağı bildirilir. Yalnız dövlət xəstəxanalarında olmayan xidmətlər üçün müqavilə bağlanılan özəl klinikalara müraciət mümkün olacağı qeyd edilir. İcbari tibbi sığrota yalnız dövlət xəstəxanalarında keçərli olacaq?
- Bildiyiniz kimi, İcbari tibbi sığortanın tətbiqi ilkin olaraq pilot layihələr şəklində rayonlarda başlayacaq. Özəl tibb müəssisələrinin əksər hissəsi Bakı şəhərində yerləşdiyinə görə həmin tibb müəssisələrini aktiv şəkildə prosesə cəlb etmək mümkün olmayacaq. Ümumilikdə isə yanaşma bundan ibarətdir ki, baza zərfi çərçivəsində təminat veriləcək tibbi xidmətlərin siyahısı və hər bir xidmət üzrə xəstəxanalara ödəniləcək maliyyə vəsaitinin məbləği məlum olacaq. İcbari tibbi sığorta baza zərfi çərçivəsində təminat verilən xidmətlər üzrə tibb fəaliyyəti ilə məşğul olan həm dövlət, həm də özəl tibb müəssisələri ilə əməkdaşlıq nəzərdə tutulur.
- Şəxs yalnız özəl xəstəxanaların xidmətlərindən istifadə edirsə, o zaman icbari tibbi sığorta üçün pul ödəməlidirmi? (Çünki dövlət xəstəxanalarınnda icbari tibbi sığrotadan istifadə ediləcəyi deyilir) Yalnız müqavilə bağlanan özəl xəstəxanaların xidmətlərindən istifadə edilə bilər məsələsinə də diqqət çəkmək istərdim.
- Bildiyiniz kimi, icbari tibbi sığorta çərçivəsində bütün insanların sığorta haqqı ödəməsi nəzərdə tutulur. İnsanların icbari tibbi sığortadan maksimum faydalanmalarına imkan yaratmaq məqsədilə Agentlik tərəfindən əhaliyə geniş tibbi xidmətlər zərfinin və tibb müəssisələri şəbəkəsinin (həm dövlət, həm də özəl tibb müəssisələri) təklif olunması planlaşdırılır. Müvafiq qanunvericiliyə uyğun olaraq lisenziya əsasında fəaliyyət göstərən özəl tibb müəssisələrinin də icbari tibbi sığorta sisteminə qoşularaq tibbi xidmət göstərməsi üçün tibbi sığortanın bütün ölkə üzrə tətbiqi zamanı imkanlar yaradılacaq.
- Vətəndaş həmin xəstəxananı və oranın xidmətini bəyənmirsə bu zaman bu necə tənzimlənəcək? Bu eyni zamanda xəstəxanalar arasında rəqabət mühitinin yaxşılaşması və keyfiyyətinin artırılmasına bir maneə kimi olmayacaq?
- Azərbaycan Respublikasının hər bir vətəndaşının tibbi xidmətlərdən istifadə etmə hüququ vardır. Həmçinin tibb müəssisəsi seçimində də azaddır. Təbii ki, hər bir vətəndaş maraqlıdır ki, müraciət etdiyi tibb müəssisəsində istədiyi və onu qane edə biləcək xidmətlərlə təmin olunsun. Hər hansı bir xidməti əldə edə bilməyəcəyi halda vətəndaş digər bir tibb müəssisəsinə müraciət edəcək. Belə olan halda, vəsait də vətəndaşın arxasınca gedəcək və vətəndaşa tibbi xidmət göstərən tibb müəssisəsinə ödəniş həyata keçiriləcək. Bütün bunlar tibb müəssisələri arasında rəqabəti gücləndirəcək və sabit qiymət kontekstində daha keyfiyyətli tibbi xidmətlərin göstərilməsini stimullaşdıracaq.
- Özəl xəstəxanalarla müqavilələr hansı prinsiplərlə bağlanacaq və bu xəstəxanalar necə seçiləcək?
- Həm özəl, həm də dövlət tibb müəssisələri Agentliklə birbaşa müqavilə bağlamaqla icbari tibbi sığorta sistemi çərçivəsində tibbi xidmət göstərəcəklər. Dövlət tibb müəssisələrinin fəaliyyət istiqamətləri və xidmət növləri Səhiyyə Nazirliyinin müvafiq normativ sənədləri ilə tənzimlənir. Özəl tibb müəssisələri isə müvafiq qanunvericiliyə uyğun olaraq verilmiş xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərirlər. Özəl tibb müəssisələri ilə müqavilələrin bağlanması zamanı onların lisenziya əsasında məşğul ola biləcəkləri işlər nəzərə alınacaq. Gələcəkdə tibb müəssisələrinin akkreditasiyadan keçməsi də nəzərdə tutulan prioritet məsələlərdəndir.