Çoxillik iqlim normalarına görə, Azərbaycanda oktyabrın sonunda, noyabrın ilk günlərində müşahidə edilən hava şəraiti noyabrın 20-25-dən sonrakı dövr üçün səciyyəvidir.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.
Onun sözlərinə görə, oktyabrın sonu - noyabrın əvvəlində Bakı və Abşeron yarımadasında havanın temperaturu 14-15 dərəcə isti olmalı idi. Lakin bu dövrdə 10-12 dərəcə isti müşahidə edilib ki, bu da həmin dövr üçün aşağıdır.
M.Həsənov əlavə edib ki, oktyabrın sonu - noyabrın əvvəlində ölkənin digər əraziləri üçün də belə soyuq səciyyəvi deyil: "Belə hava noyabrın 20-25-dən sonra olmalıdır. Əvvəlki illərdə belə hal çox az-az olub. Azərbaycanda sonuncu dəfə 1972-ci ildə oktyabrın sonu - noyabrın əvvəlində belə soyuq hava şəraiti müşahidə edilib. 1972-ci ildən sonra ilk dəfədir ki, belə hal müşahidə edilib. Bu, ölkə ərazisinə şimal-qərb və şimaldan rütubətli hava kütləsinin daxil olması və onun uzun müddət hökmran olmasının nəticəsidir".
M.Həsənov qeyd edib ki, artıq ölkə ərazisində rütubətli hava kütləsi transformasiya olunaraq yerli hava kütləsinə çevrilib. Nəticədə isə Azərbaycan ərazisinə cənub və cənub-şərq istiqamətli hava kütlələri daxil olub.
M.Həsənov deyib ki, ölkə ərazisində bu hava kütləsinin dayanıqlı olacağı gözlənilmir.