“Uğur Akademiyası”, “GR8” və sərbəst təlimçilərin birgə əməkdaşlığı ilə fiziki imkanları məhdud olan şəxslər üçün “Karyera imkanları” layihəsinə start verilib.
Bu layihəni həyata keçirməkdə əsas məqsəd fiziki imkanları məhdud olan şəxslərin peşə hazırlığına dəstək olmaqla iş bacarıqlarının artırılmasına və cəmiyyətə inteqrasiyasına töhvə verməkdir. Layihə çərçivəsində 1 ay ərzində 16 nəfərə yaxın əlilliyi olan 18-35 yaş arası gənclərə 4 sahə üzrə (Sosial Bacarıqlar, Müştəri Xidmətləri, Satış Bacarıqları və Zəng Mərkəzi (call center) haqda) bilik və bacarıqların formalaşdırılması məqsədi ilə peşəkar mütəxəssislər tərəfindən xüsusi təlimlər keçiriləcəkdir. Layihənin həyata keçirildiyi müddət ərzində təşkilatçı heyət tərəfindən dəvət olunmuş psixoloq gənclərin potensialını qiymətləndirərək, həftə ərzində təşkil olunacaq görüşlərdə özünə inam və motivasiyanın artırılmasına yardım edəcəkdir. Sonrakı mərhələdə isə təlim keçmiş bu gənclərin ayrı-ayrı dövlət və özəl şirkətlərdə təcrübə keçməsinə şərait yaradılacaqdır.
“Karyera imkanları” layihəsi adından çıxış edən “Uğur Akademiyası”nın həmtəsisçisi Cavid İmamoğlu layihənin fiziki məhdudiyyətli insanların cəmiyyətə qazandırılması istiqamətində atılmış daha bir uğurlu addım olduğunu vurğulayıb və sosial məsuliyyət hissindən irəli gələn bu kimi təqdirəlayiq layihələrin cəmiyyətin inkişafına misilsiz töhfə verdiyini xüsusilə qeyd edib: “Biz ümid edirik ki, dövlət və özəl sektor əlilliyi olan bu potensiallı gənclərin iş həyatına başlaması üçün layihəyə dəstək verəcəklər. Hazırda əlilliyi olan gənclərin işlə təmin olunmasında müəyyən çətinliklər var. Bizim bu layihəni həyata keçirməkdə əsas məqsədimiz sosial sahibkarlığa dəstək vermək və əlilliyi olan gənclərin iş imkanlarının artırılmasına töhfə verməkdir”.